6 dekabr 2011 00:08
“Bəxtim gətirdi ki, zərbə başıma dəymədi”
"Neftçi"nin futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın 15-ci turunun "Simurq"la oyununda (4:2) rəqib futbolçu Rüstəm Məmmədovun ona qarşı aşkar kobudluğundan danışıb:
"Neftçi" bir daha "Simurq"dan bir baş üstün olduğunu göstərdi. Kubok oyununda rəqibi 10 nəfərlə yendik, bu dəfə onların qapısından 4 top keçirdik. Yeri gəlmişkən, son oyunda mənə qarşı kobudluq oldu. Lakin hakim rəqibə qırmızı yox, sarı vərəqə göstərdi. Bəxtim gətirdi ki, zərbə başıma dəymədi, butsının yerləri hələ də bədənimdədi. Futboldu, belə şeylər olur. Rəqib futbolçu dərhal məndən üzr istədi. Bu epizod görüşdən sonra KİV-də yayıldı. Həmin futbolçu oyun günü axşam da mənə zəng edib üzrxahlığını bildirdi".
Əmircanov "Simurq"un futbolçusu Daniel Genovun mətbuata verdiyi "Araz Abdullayev cərimə meydançasında mənə qarşı kobud oynasa da, görüşün baş hakimi Fariz Yusifov penalti təyin etmədi" açıqlamasına da münasibət bildirib: "Baş hakim epizoda daha yaxın idi, penalti olsaydı, təyin edərdi. Belədirsə, halal qələbəmizə heç kim kölgə sala bilməz".
