6 dekabr 2011 16:32
AFFA-dan Turan və Xəzər Lənkərana sərt cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 15-ci turunun qalmaqallı oyunları (“Turan” – “Qarabağ” və “Xəzər Lənkəran” – “İnter”) ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Xəzər Lənkəran” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub
Oyunun 60-cı və 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Matçın 90+3-cü dəqiqəsində azarkeşlər tərəfindən atılmış daş parçası “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadzenin başına zədə yetirib və nəticədə ona təcili tibbi yardım göstərilib. “Xəzər Lənkəran” azarkeşləri tərəfindən analoji hadisənin dəfələrlə təkrarlandığı nəzərə alınaraq, kluba qarşı aşağıdakı cərimə və cəzalar tətbiq olunub:
“Xəzər Lənkəran” klubu növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin.
Oxşar hadisənin baş verəcəyi təqdirdə “Xəzər Lənkəran” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
“Turan” – “Qarabağ” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra hakimlər polislərin müşayiəti ilə paltardəyişmə otağına daxil olublar. Lakin əvvəlcədən bir qrup şəxs otağa daxil olmuş və hakimləri orada gözləyiblər. Hakimlər otağa daxil olan kimi həmin şəxslər onlara qarşı fiziki təsir göstərib və xəsarət yetirərək oradan uzaqlaşıblar. Bunu görən polislər heç bir tədbir görməyib və hadisə yerini tərk edib. Hakimlərə tibbi yardım göstərildikdən sonra onlar tərəfindən baş vermiş hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət olunub.
Yuxarıda gösrətilənləri nəzərə alaraq “Turan” klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəza tətbiq olunub:
“Turan” klubu növbəti iki ev oyununu neytral meydanda keçirsin və klub 10 000 manat cərimə olunsun.
“Turan” klubu tərəfindən son zamanlar baş vermiş neqativ hadisələrlə əlaqədar olaraq klubun Premyer Liqada iştirakının davam etdirib-etdirilməməsi ilə bağlı İcraiyyə Komitəsinə İntizam Komitəsi tərəfindən müraciət olunsun.
Baş vermiş hadisə ilə əlaqədar istintaq başa çatdıqdan sonra, istintaqın nəticəsinə uyğun olaraq, İntizam Komitəsi bu məsələyə yenidən baxa bilər.
Oyunda PFL-in operatorunun kamerası sındırılıb. Bu səbəbdən “Turan” klubu dəymiş zərərə uyğun olaraq, PFL-in təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
