6 dekabr 2011 16:43
Neftçinin məşqçisinə 5 oyunluq cəza, Turana texniki məğlubiyyət verildi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr zamanı Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları zamanı qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
“Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” matçının 64-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Bayram Kərimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Bakı” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Neftçi” matçında “Neftçi”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun fasiləsində “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub. Matçın 83-cü dəqiqəsində “Simurq”un futbolçusu Vasili Yanotovski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Simurq”un məşqçisi İqor Yuşenko hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub. Matçın 24, 30 və 85-ci dəqiqəsində “Simurq” azarkeşləri, oyunun 45-ci dəqiqəsində isə “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub. Oyunda “Neftçi”nin azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Bu səbəbdən “Neftçi” klubu dəymiş zərərə uyğun olaraq, “Simurq”un təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“İnter” – “Turan” matçının ikinci hissəsinə “Turan” meydana çıxmaqdan imtina edib. Belə ki, AFFA nümayəndəsi və hakim-inspektorun müraciətinə baxmayaraq, klubun prezidenti Musa Süleymanov komandanın meydançaya çıxmasına icazə verməyib. Bu səbəbdən də baş vermiş hadisələrlə əlaqədar olaraq “Turan”a aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq olunub:
“Turan” klubunun prezidenti Musa Süleymanov komandanın meydançaya çıxmasına icazə verməyərək azarkeşlərə və rəqibə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
“Turan” klubu özbaşına meydançanı tərk etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 10 000 manat cərimə olunub.
