6 dekabr 2011 11:29
Tuyqun Nadirov: Klubunu sevən onu ziyana salmaz, adına xələl gətirməz
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində komandada baş verən son olaylara münasibətini açıqlayıb.
- “İnter”lə oyundan sonra “Xəzər Lənkəran” Mirça Redniklə yollarını ayırdı. Buna nə səbəb oldu?
- Səbəb – son oyunlardakı çıxışımız, alınan nəticələr oldu. Son dörd oyunda 12 mümkün xaldan cəmi 2 xal toplaya bildik. Bu isə ambisiyalı, çempionluğa oynayan komanda üçün heç də sevindirici deyil. Bəli, olur ki, hərdən oyun getmir, bir-iki oyunda uduzursan. Amma burda vəziyyət tam fərqliydi. Həm də bu istefa qarşılıqlı razılıq əsasında gerçəkləşdi. Biz onu qovmadıq. Sadəcə, söhbət etdik və o, özü də bildirdi ki, dəyişikliyə ehtiyac var. O, özü də komandanın uğursuzluqlarının çoxalmasını istəmirdi. Bütövlükdə, bu istefa qaçılmaz idi.
- Adətən, belə istefaları dövrələrarası, mövsümlərarası fasilələrə saxlayırlar...
- Xeyr, hər oyunda xal itkisi artıq anormal haldı. Buna görə də bu qərar elə indi qəbul olundu.
- Rednikin gedişini futbolçular necə qarşıladılar?
- Belə danışaq da: oyunçular Redniklə yox, “Xəzər Lənkəran”la müqavilə bağlayıblar. Onlar da, klub da peşəkardı. İstənilən halda Rednikin istefası onun son oyunlarda yaxşı nəticələr qazana bilməməsindən irəli gəlirdi. Bəziləri bildirir ki, guya XL-da vəziyyət çox çətindi. Əksinə, XL Azərbaycanda ən sabit klubdu. Biz hər il çempionluğa oynayırıq, avrokuboklara vəsiqə qazanırıq.
- Rednikin yerinə gətirdiyiniz Cüneyt Biçerin qarşısına hansı vəzifə qoyulub?
- Biçerin də qarşısına çempionluq və kuboku qazanmaq hədəfi qoyulub. Düşünmürəm ki, onun oyunçuları tanıması üçün böyük zaman lazımdı. O, buna qədər də “Xəzər Lənkəran”da idi. Azərbaycan futbolunu da kifayət qədər yaxşı bilir. Gənc və perspektivli məşqçidi. Son dövrlər uşaq və gənclərdən ibarət komandalarımızdakı inkişafı nəzərə alsaq, onun bu posta gətirilməsi düzgün bir qərar idi. Mən əminəm ki, onun rəhbərliyi altında hər şey yaxşı olacaq. Futbolçular da bu təyinatı yaxşı qarşıladılar.
- Maraqlıdı ki, Redniki sevən fanatlar onun gedişini sakit qarşıladılar...
- Hər halda fanatlar da komandanın oyununu, nəticələrini görürlər. Onlar da hər şeyi başa düşürlər. “Xəzər Lənkəran” rəhbərliyi hər baş məşqçisini sona kimi dəstəkləyib. Bu, klubun transferlərində də görünüb. Amma hərdən olur ki, artıq baş məşqçidə heç nə alınmır. Əsas odu ki, komanda öz məqsədinə nail olsun. Buna görə də Redniklə danışıb, ayrılmağa qərar verdik. Onunla yaxşı anlarımız da çox oldu, pis anlarımız da.
- “İnter”lə oyundan sonra rəqib komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin başının yarılması faktına münasibətiniz necədi?
- Bununla bağlı klub prezidenti Mais Mənsimov öz fikirlərini açıqlamışdı. Mən özüm də oyundan sonra “İnter”in düşərgəsinə getdim, Tsxadadze ilə maraqlandım. Əlbəttə, biz şadıq ki, XL azarkeşləri yenə Azərbaycanda ən böyük dəstək nümayiş etdirən tərəfdaşdı. Amma təəssüf ki, onların arasında klubumuzun adına xələl gətirən insanlar da olur. Hər dəfə də buna görə cərimələnirik. Demək olar ki, hər turda. Əsl XL azarkeşi belə etməz. Bunu klub prezidenti də deyir. Klubunu sevən onu ziyana salmaz, adına xələl gətirməz. Bu olaya görə biz “İnter”dən üzr istəmişik.
- Bununla bağlı klub prezidenti Mais Mənsimov öz fikirlərini açıqlamışdı. Mən özüm də oyundan sonra “İnter”in düşərgəsinə getdim, Tsxadadze ilə maraqlandım. Əlbəttə, biz şadıq ki, XL azarkeşləri yenə Azərbaycanda ən böyük dəstək nümayiş etdirən tərəfdaşdı. Amma təəssüf ki, onların arasında klubumuzun adına xələl gətirən insanlar da olur. Hər dəfə də buna görə cərimələnirik. Demək olar ki, hər turda. Əsl XL azarkeşi belə etməz. Bunu klub prezidenti də deyir. Klubunu sevən onu ziyana salmaz, adına xələl gətirməz. Bu olaya görə biz “İnter”dən üzr istəmişik.
- AFFA-dan hansı qərarı gözləyirsiz?
- Komitə artıq öz qərarını çıxaracaq. Əlbəttə, biz istəməzdik ki, belə bir olay baş versin. Amma oldu. Baxaq, görək nə qərar çıxır. Düşünmürəm ki, stadionu diskvalifikasiya etsinlər. Ədalətli qərar qəbul olunmasını istərdim.
