6 dekabr 2011 11:58
“Foqtsun yanında yerli mütəxəsislərdən də biri olmalıdı”
“Mənim üçün Berti Foqtsla müqavilə yenilənməsinə izin verilməsi gözlənilməz olmadı”. Azerisport.az xəbər verir ki, bu sözləri “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun beynəlxalq əlaqələr üzrə məsləhətçisi Tunc Afşar dilə gətirib.
Eyni zamanda “Bakı” voleybol klubunun icraçı direktoru postunu tutan Tunc bəy, voleybolçularla “Çağırış Kubok”unun növbəti oyunu ilə bağlı Parisə yollanmazdan əvvəl müxbirimizə verdiyi açıqlamada AFFA-nın İcraiyyə Komitəsinin qərarını dəyərləndirib:
“Düşünürəm ki, Foqtsdan ideal məşqçi tapmaq olmaz. Təcrübəli, futbolun sirrini bilən insandı. Hansısa mütəxəssisdən, o cümlədən də Foqtsdan qısa müddət ərzində nəticə tələb etmək absurddu. Sevindirici haldı ki, Azərbaycan futboluna rəhbərlik edən şəxslər də bu reallığı dərk edir. AFFA-nın Foqtsla yollara davam qərarı bir daha sübut edir ki, Azərbaycan futbolu etibarlı əllərdədi. Unutmaq lazım deyil ki, əksər ölkələrdə, o cümlədən də Türkiyədə futbolun yüksək səviyyəyə çatması əcnəbi məşqçilərlə işbirliyi, onlara şans verilməsi nəticəsində mümkün olub. Guman ki, AFFA rəhbərliyi də bu təcrübədən yararlanır. AFFA-nın baş katibi Elxan Məmmədovun bu sahədəki fəaliyyətini alqışlayıram”.
Tanınmış menecer daha sonra Azərbaycan futbolunun inkişafını sürətləndirəcək fikir irəli sürüb: “Fikrimcə, Foqtsun yanına yerli mütəxəsislərdən biri yerləşdirilməlidi. Bu, cavan, gələcək vəd edən məşqçi olmalıdı ki, alman mütəxəssisdən öyrəndiklərini sonradan Azərbaycan futbolunda tətbiq etsin. Mustafa Dənizlidən tutmuş Joze Mourinyoya qədər hansı tanınmış məşqçini götürsək, dediklərimin nə qədər önəmli olduğunun şahidi olarıq. Azərbaycanda Ronaldo, Messi, yaxud Arda Turan qədər məşhur futbolçu ola biləcək gənclər çoxdu. Elə Qvardiola, Hiddink, Terim və başqa tanınmış məşqçilər kimi gələcək vəd edən mütəxəssislər də kifayət qədərdi”.
