7 dekabr 2011 17:05
Azərbaycan yığması SŞ-lə bacarmadı (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığması hazırda Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bu gün sınaq matçına da çıxıb.
Belə ki, Berti Foqts ilk dəfə milliyə dəvət alan futbolçuların əksəriyyət təşkil etdiyi heyəti “Sumqayıt Şəhər” klubu ilə yoxlama oyununda sınaqdan keçirib. Hər halda bu oyunçuların nəyə qadir olduğunu iş başında görmək üçün bu, çox mühüm əhəmiyyətə malik idi.
Yeri gəlmişkən, “Sumqayıt Şəhər”in 3 futbolçusu – Bədavi Hüseynov, Hacı Əhmədov və Samir Yusifov milli komandanın düşərgəsindəydi. Yəni onlar öz doğma klublarına qarşı çıxış etmək şansına malik idilər.
Qeyd edək ki, görüş Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutub. Qarşılaşmanın ilk yarısında hesabı açan Sumqayıt təmsilçisi ikinci hissənin startında daha bir qol vurub. Millimiz isə buraxılan qollardan yalnız birinin əvəzini çıxa bilib. Vüqar Əsgərov yığmamızdakı debüt matçındaca qola sevinib.
Yoxlama oyunu
7 dekabr
AZƏRBAYCAN – SUMQAYIT ŞƏHƏR - 1:2 (0:1)
Qollar: M.Məmmədov, 34 (0:1), R.Nəsirli, 47 (0:2), V.Əsgərov, 72 (1:2).
Yığmamız bu oyuna aşağıdakı heyətlə çıxıb: Orxan Sadıqlı, Hacı Əhmədov, Elnur Abdulov, Samir Yusifov, Vüqar Əsgərov, Tofiq Mikayılov, Ramazan Abbasov, Novruz Məmmədov, Şamil Qurbanov, Murad Ağayev, Sabir Allahquliyev.
İkinci hissədə meydana daha bir neçə futbolçu çıxıb: Fərid Quliyev, Nizami Hacıyev, Əziz Quliyev.
