7 dekabr 2011 19:02
Rafael Əmirbəyov da futboldan getdi (VİDEO)
"Bakı"nın sabiq kapitanı Rafael Əmirbəyovun vida oyunu keçirilib. Azerisport.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutan oyunda Əmirbəyovla "Bakı" və Azərbaycan yığmasında oynamış futbolçular qarşılaşıb.
Şou xarakterli oyun 3:3 hesabı ilə başa çatıb. 35 yaşlı Rafael ilk hissədə milinin, ikinci yarıda isə "Bakı"nın formasını geyinib. O, hər komandanın heyətində bir qol vurub. "Bakı"nın digər iki qoluna Rəhman Musayevlə braziliyalı Juninyo, yığmanın qollarına isə Paşa Əliyevlə Samir Musayev imza atıb.
Oyundan sonra Rafaelə "Bakı", AFFA və PFL tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Rafael uzun illər "Dinamo", ardından isə onun sələfi "Bakı"nın şərəfini qoruyub. 35 yaşlı müdafiəçi ikiqat Azərbaycan çempionu, Azərbaycan Kubokunun ikiqat sahibi, "Bakı"nın heyətində ən çox oyun keçirən oyunçudu. Əmirbəyov 1998-2011-ci illər ərzində qısa fasilələrlə "Bakı"da 135 oyun keçirib. Böyük kapitan 2005 və 2010-cu illərdə "Bakı" ilə çempionluq zirvəsinə ucalıb, 2006 və 2009-cu illərdə Azərbaycan Kubokunu başı üzrəinə qaldırıb. Rafael "Bakı"nın 2 çempionluq və 2 ölkə kuboku titullarının qazanılmasında müstəsna xidmətləri olan futbolçu kimi klub tarixinə düşüb. O, 18 dəfə Azərbaycan milli komandasının formasını geyib.
