8 dekabr 2011 12:52
Xəzər Lənkəran üçün uğursuz dekabr
“Xəzər Lənkəran” klubunun evdəki məğlubiyyətsiz oyunları qırılıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda öz meydanında “İnter”ə 0:1 hesabı ilə uduzan komanda 2011-ci ildə ilk dəfə doğma divarlar arasında xalsız qalıb.
Cənublu futbolçular sonuncu dəfə ötən il, indi olduğu kimi dekabrda Lənkəran stadionunu məğlub tərk etmişdi. Həmin vaxt – 2010/11 mövsümündə çempionatın 19-cu turunda “Xəzər Lənkəran” “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu. 2010-cu il dekabrın 23-dəki məğlubiyyətdən sonra 346 gün idi ki, bu komanda öz meydanında uduzmurdu.
Bu müddətdə 1 avrokubok (heç-heçə, top fərqi 0:0), 3 ölkə kuboku (2 qələbə, 1 heç-heçə, top fərqi 5:1), 13 çempionat (9 qələbə, 4 heç-heçə, top fərqi 24:8) oyununda qonaqlar qələbəyə həsrət qalmışdı. Bu 17 matçda “Xəzər Lənkəran” 11 qələbə qazanıb 6 heç-heçə etmişdi.
Qeyd edək ki, bu, komandanın Azərbaycan çempionatlarında öz meydanında keçirdiyi 108-ci matçda 10-cu məğlubiyyət idi. Evdə 67 qələbəsi və 31 heç-heçəsi olan “Xəzər Lənkəran” qonaqların qapısına 191 qol vurub, 56-nı buraxıb.
