9 dekabr 2011 00:48
Berti Foqts: Çoxları elə bilir ki, mən kef çəkirəm
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts azerisport.az saytının suallarını cavablandırıb.
- Əvvəlcə milli komandanın seçmə toplanışı ilə bağlı fikrinizi bilmək istərdik. Bu, ümumiyyətlə nəyə lazımdı?
- Bizə gənc oyunçulara yığmaya düşmək imkanlarının olduğunu göstərmək lazım idi. Bu, bütün futbolçulara aiddir: həm xaricdə çıxış edən və həm də yeniyetmələrdən ibarət yığmanın oyunçularına. Bu, xüsusilə sonunculara aiddir. Axı İsveçdə Avropa çempionatının seçmə mərhələsində onlara çox yaxşı çıxış etmək müyəssər oldu. Düzü bu toplanışlarda mənim şəxsi məqsədim “milli” üçün iki-üç potensial yeni oyunçunu müəyyən etmək idi. Deməliyəm ki, bunu yerinə yetirə bildim. İndi əsası onların tez-tez oynamasıdır. Klublarının əsas heyətində olmasa da, ehtiyatda oynamaqları vacibdir. Onların daimi oyun təcrübəsi olmalıdır. Texnika və sürət nöqteyi-nəzərindən onlarda çox şey alınır. Ancaq bu keyfiyyətlərin inkişafı üçün onlara oynamaq zəruridir.
- Yenilərin adlarını çəkə bilərsiniz?
- Xeyr. Əgər adlarını çəksəm, siz bu barədə yazacaqsınız, onlar oxuyacaq və lovğalanacaqlar. Lazım deyil. Qorxuram ki, onlar öz üstündə işləməyə yadırğayarlar. Gəlin bir qədər gözləyək. Ancaq onu deyə bilərəm ki, onlar milli yığmanın Fevral toplanışlarına çağırılacaqlar.
- DÇ-2014-ün seçmə mərhələsi sizin üçün millinin sükanı arxasında üçüncü turnir olacaq. Sıra nömrəsindən başqa bu, nə ilə fərqlənəcək?
- Mən və komanda üçün bu mərhələ heç nə ilə fərqlənməyəcək. Düşünürəm ki, qrupla bağlı yenə də bəxtimiz gətirmədi. Portuqaliya və Rusiya çox güclü komandalardır. İsrail kifayət qədər artırır. Burda uğurlu oynamaq üçün bizə səviyyəmizi artırmaq gərəkdir. Biz həmçinin Avro-2016-nın seçmə mərhələsi haqda da düşünürük.
- Çünki bu “seçmə”də şanslarımız yoxdur?
- Yox, məsələ bunda deyil. Sadəcə Avro-2016-nın final mərhələsində 24 komanda oynayacaq. Bu isə bizə böyük ümidlər verir. Çalışacağıq.
- Yığmamızın Fransa “Avro”sunda oynamaq perspektivi nə dərəcədə realdır?
- Düşünürəm ki, çox şey yenə də püşkdən, bizə hansı rəqiblərin düşəcəyindən asılıdır. Məhz buna görə də belə seçmə toplanışlara gənc oyunçuların cəlb edilməsi gərəkdir. Məhz onlar üç-dörd ildən sonra yığmada oynayacaqlar. Mənə bəzən elə gəlir ki, Azərbaycanda bəzi evlərin tikintisinə bünövrədən deyil, damdan başlayırlar. Gənclər komandaları bünövrədir ki, var. Əgər bu yoxdursa, demək gələcək də yoxdur. Ancaq məni bir çətinlik də narahat edir ki, bu da azərbaycanlı futbolçuların xüsusiyyətlərindəndir: onlar özlərinə çox tez aşiq olur. Yəqin ki ölkə prezidentinə “razıyam” sözünə qadağa qoyması ilə bağlı xahiş ünvanlamaq lazımdır. Başa düşə bilmirəm ki, 17, 18, 19 yaşlı gənc meydanda göstərdiyindən necə razı qala bilər. Bu uşaqlar bilməlidirlər ki, dünya futbolunun liderlərinə çatmaq üçün ikiqat, üçqat artıq işləmək lazımdır.
- Konkret nümunə gətirə bilərsiniz?
- Hə, buyurun. Bu yaxınlarda oxumuşdum ki, adını çəkməyəcəyim bir oyunçu çempionatın oyununda qırmızı vərəqə alıb. Gənc oyunçudur. Məşqçi nə etdi? Onu beş-altı günlüyə evə göndərdi. İstənilən avropalı məşqçi onu cəza kimi ikiqat artıq işləməyə məcbur edərdi. Burda nə alınır: qovuldun - evə get, sən supersən! Dincəl! Ailənin yanında ol. Gəlin mən də belə edim: səhv ardınca səhv edim və evimə gedim. Bu, düzgün deyil. Biz oyunçulardan daha çox tələb etməliyik, buna nail olmalıyıq. Siz çempionatın “Neftçi” və “Simurq” arasında keçirilmiş oyununa baxmışınız?
- Bəli
- Araz Abdullayevin iki qolu necə vurduğunu gördünüz?
- Gördüm.
- Və siz onu matçın ən yaxşı oyunçusu sayırsınız?
- Deməzdim.
- Düzdür. Bəli, o iki qol vurdu. Amma topsuz hərəkət etmirdi - sıfır. Araz - böyük istedad, Azərbaycanda ən perspektivli futbolçulardandır. O, anlamalıdır ki, işləmək lazımdır. Onun üstündə onu yönəldən, məzəmmətləyən məşqçi olmalıdır.
- Araz Abdulayevdən söz düşmüşkən, son vaxtlar onun haqda “Renn”in adı hallanır. Əvvəl bu “Everton” idi, sonra PAOK. İndi isə “Renn”...
- (sözü kəsərək) Əslində Araz “Everton”un “Neftçi”də icarədə oynayan oyunçusudur.
- Bilirəm. Sualım başqa məslə ilə bağlıdır. O, burada yeni bir səviyyəyə yüksələ bilər ya ona buradan getmək lazımdır?
- Bilirsiniz, O, əgər Almaniyaya getsəydi, akademiyada qalardı. Beşguşə oteldə deyil, akademiyada. Hansındakı səhər məşğələlər, axşam məşqlər keçirilir. O, burada yeni səviyyəyə yüksələ bilməyəcək.
- Necə? Onun Almaniya variantı da olub?
- Bəli. O, Birinci Bundesliqanın klublarından birinə keçə bilərdi. Ancaq əvəzində o, “Everton”la müqaviləyə imza atdı. Ola bilər ki, burdan hər hansı məbləğ alaraq sonra “Neftçi”yə qayıtmağa qərar verdi. Mən onu heç nədə təqsirləndirmirəm. O, öz taleyinin ağasıdır. Ancaq Arazın alternativi vardı: iki il alman klubunun əvəzedicilər heyətində oynamaq, akademiyada yaşamaq, müəyyən səviyyəyə çıxmaq və özünü Avropada sınamaq. Onun meneceri qazanmaq istəyir. Ancaq yaxşı menecer deyərdi: “Araz, yeni səviyyəyə çıx, öyrən”. Avropada o, nizam-intizamını artırardı. Yeri gəlmişkən, bu sözü azərbaycanlı oyunçular çox da sevmirlər.
- Arazla söhbətiniz olub?
- Bir?
- Bir neçə?
- Çox. Barmaqlar çatmaz.
- Milli komandanın çətinliklərindən biri xaricdə oynayan futbolçuların yoxluğundadır. Bizim futbolçulara nə çatmır? Əsas sirr nədədir? Peşəkar münasibətlərmi, fiziki vəziyyətmi, pulmu?
- Birincisi, Azərbaycan Avropa İttifaqının üzvü deyil. Bu isə Aİ-yə üzv olmayan ölkələrin legioner statusu deməkdir ki, onlar meydanda üç nəfərdən çox ola bilməz. Məşqçilər isə Argentina, Braziliya, Afrika bazarını yaxşı bilirlər. Afrikalı və ya braziliyalıya nisbətən azərbaycanlı gəncə çox az kəs üstünlük verər. İkincisi, pullar. Azərbaycanda oyunçular yaxşı maaş alır. Avropada onlar bu qədər ala bilməyəcəklər. Məsələn, bilirsinizmi Vaqif Cavadov “Twente”də niyə qalmadı? O vaxt onu holland komandasına gətirmiş Stiv Maklarenlə söhbətləşmişdim, görüşmüşdüm. Biz üçlükdə onun orada oynamamasının həqiqi səbəbini bilirik: mən, Maklaren və Cavadov.
- Məsələdən agah olanların dairəsini genişləndirmək istəmirsiniz ki?
- Qoy bu, öz aramızda qalsın. Yaxud Saşa Yunisoğlu. Polşada neçə oyun oynayıb? Sözü ona gətirirəm ki, bizim gənc oyunçularımızın Avropaya çıxmaq imkanları var. Ancaq onlara öz üzərində çox işləmək lazımdır, daha çox. Bax buna görə də komandanı tibbi müayinələrə aparıram. Siz nə düşünürsünüz?
- Yəqin ki oyunçuların fiziki vəziyyəti öyrənmək üçün.
- Bəli, düz. Bəs bilirsiniz mən nə görürəm? Mən siyahı gətirirlər. Azərbaycanda ən yaxşılardan sayılan futbolçunun az qala ən pis nəticə göstərdiyini görəndə heyrətə gəlirəm! Düşünürsünüz ki mənə uzunmüddətli toplanışlar keçirmək xoşdur? İşləməli olduğumdan artıq işləmək üçün hələ dəli olmamışam axı. Sadəcə bizə yaxşı oynamaq üçün çalışmaq lazımdır.
- Neçənci ildir ki, siz klubların baş məşqçiləri ilə “hərb” edirsiniz. Onların məşqlərə yanaşmasında heç nə dəyişmirsə, belə çıxır ki, onlarla görüşlərin bir xeyri yoxdur?
- Klublardan olan həmkarlarımla sizinlə olduğu kimi üz-üzə əyləşəndə onlar mənim haqlı olduğumu əmin edərək məşqlərin lazımi metodika üzrə keçiriləcəyini, hər şeyin yaxşı olduğunu, yığmanın əsas olduğunu deyirlər. Sonra mən “Azerisport”u açıram və onların tam başqa bir şey dediyini görürəm.
- Azərbaycan çempionatının ilk beş ayı ərzində beş məşqçinin vəzifəsindən kənarlaşdırılması sizi təəccübləndirmir ki?
- Bu, futbol üçün mənfi göstəricidir. Klubların tez-tez məşqçi dəyişikliyini anlamıram. 4-5 aya nəticə əldə etmək olmaz. Özüm heç vaxt məndən çempionluq tələbi olan müqaviləyə qol qoymaram. Heç bir klub hər il çempion ola bilməz. Nə “Neftçi”, nə “Bayern Münich”, nə də başqa biri. Hə, müəyyən şərtlər var. Amma şərtləri məşqçi də qoymalıdır. Vinfrid Şefer “Bakı”da işləyirdi, düzdü? Deyərsiniz ki indi komanda başqa futbol göstərir?
- Xüsusi fərq görmürəm.
- Onda onu qovmaq nəyə gərək idi? Yaxud Arif Əsədovun işlədiyi və çempion etdiyi “Neftçi”? Bütün bunlara baxmayaraq o, getdi. “Xəzər-Lənkəran”a baxın. Bilmirəm orada nə baş verib. Ancaq yeni mövsümün ilk beş ayı ərzində beş məşqçinin işini itirməsi könlümcə deyil. Yeni məşqçi yeni oyunçular gətirir, yeni oyun qurur. Ancaq məqsəd isə olduğu kimi qalır - çempionluq.
- AFFA-nın icraiyyə komitəsinin sizinlə müqaviləni uzatmasını şərh edə bilərsiniz?
- Azərbaycan futbolunun tərəqqisi üçün nələr etdiyimizi, şəxsən mənim etdiyimi çoxları bilmir. Çoxları elə bilir ki mən kef çəkirəm. Bu, belə deyil. Deyə bilərəm ki, yeniyetmə azərbaycanlı futbolçular haqda premyer-liqa məşqçilərindən çox bilirəm. Mənim üçün Vaqif Cavadov mövzusu bağlıdır. Nə üçün ona meydan verirsiniz?
- Biz sadəcə ona öz fikrini deməyə şərait yaradırıq. Yığma oyunçusunun fikrini. Belə görünür ki, sabiq yığma oyunçusu.
- Şəxsən mən döyüşqabağı öz ordusunu tək qoyan hər hansı yaxşı general tanımıram.
- Köməkçiləriniz əvvəlkilər olaraq qalacaq?
- Dəyişikliklər olacaq.
- Yeni köməkçilər alman ya yerli mütəxəssislər olacaq?
- Alman. Mənimlə işləyənlər dünya futbolunun xüsusiyyətlərini və Azərbaycan futbolunun özəlliklərini bilir. Ancaq bizə azərbaycanlı məşqçilərə şans vermək lazımdır ki, onlar beynəlxalq futbolun nə demək olduğunu bilsinlər. Prinsipcə bu, hamıya aiddir: hətta masajçılara və həkimlərə belə.
