9 dekabr 2011 17:41
“Onun məşqlərə nə zaman başlaması əməliyyatdan sonra müəyyənləşəcək”
"Neftçi"nin futbolçusu Rodriqinyo hazırda klubun tibbi bərpa mərkəzində müayinə olunur. Azerisport.az xəbər verir ki, prosesə rəhbərlik edən klubun baş həkimi Boris Xetaqurov rəsmi sayta bununla bağlı danışıb:
"Bildiyiniz kimi, Rodriqinyo UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə cavab görüşünün əvvəllərində ciddi zədə alıb. Onun sol dizinin ön çarpaz bağı, xarici yan bağı və arxa çarpaz bağı qırılıb. Bu çox təhlükəli zədədir. Futbolçumuz artıq iki dəfə əməliyyat olunub. Rodriqinyonun bərpakeçmə prosesi o, Braziliyada olarkən başlamışdı. Amma bu proses "Neftçi" klubunun bazasında davam etdirilir. Çünki burada hər cür şərait var. Klub prezidenti Sadıq Sadıqovun təşəbbüsü ilə bazada hər bir avadanlığı olan tibbi bərpa mərkəzi yaradılıb. Hazırda Rodriqinyo həkim-fizioterapevt Rahim Məhərrəmovun nəzarəti altında bərpa prosesi keçir. Futbolçumuz üçüncü dəfə əməliyyat olunmaq üçün yanvarda Braziliyaya yollanacaq. Onun məşqlərə nə zaman başlaması bu əməliyyatdan sonra müəyyənləşəcək" - deyə Xetaqurov bildirib.
