10 dekabr 2011 12:23
Əvvəlcə sual, sonra qol yağışı (VİDEO, FOTO)
“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu “Sual yağışı” şərti adı altında tədbir keçirib. Azerisport.az xəbər verir ki, jurnalistlərlə qeyri-rəsmi formatda – çay süfrəsi ətrafında keçirilən görüşdə “Sumqayıt Şəhər” PFK-nın baş məşqçisi Bernard Raab və futbolçular mətbuat işçiləri, azarkeşlər və gənclər təşkilatlarının nümayəndələrinin suallarını cavablandırıb.
Görüş zamanı baş məşqç Bernard Raab klubda görülən işlər, ölkə futbolunun inkişafı və gələcək planlardan danışıb. Komandanın kapitanı Samir Abasov isə Sumqayıt futbolu ilə bağlı bəzi maraqlı məqamlara toxunub. Gənc kollektivdə oynamağın çətin və asan tərəfini açıqlayan millimizin sabiq futbolçusu “Sumqayıt Şəhər”in Premyer Liqadakı çıxışına da münasibət bildirib. Jurnalistələrin suallarını cavablandıran yarımmüdafiəçi Emin Mustafayev isə gənc futbolçulara bəzi məsləhətlər verib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra jurnalistlər, şəhərin fəalları və azarkeşlərdən ibarət komanda ilə “Sumqayıt Şəhər”in məşqçi və inzibati heyəti ilə rəhbərliyin birləşmiş komandası üz-üzə gəlib. Oyundan əvvəl “Sumqayıt Şəhər”in prezidenti Kamran Quliyev tədbir iştirakçılarını salamlayıb. Belə görüşlərin ənənə halına çeviriləcəyini bildirən klub rəhbəri iştirakçılara uğurlar arzulayıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada isə SŞ 9:6 hesabı ilə qələbə qazanıb.
