12 dekabr 2011 16:20
Samir Abbasov: SŞ-də kef çəkməyə gələnlər də tapılar
“Sumqayıt Şəhər”in kapitanı Samir Abbasov Premyer Liqanın 16-cı turunun “Kəpəz” üzərindəki qələbəsini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamızda xüsusi nəsə baş vermir. Hələ elə ciddi nəticə də qazanmamışıq. Sadəcə, “Kəpəz”i məğlub etməklə son pillədən qurtula bildik. Bu da bizi sevindirməyə bilməz. İtiriləsi heç nəyin olmayanda oynamaq asandı. Digər tərəfdən biz əvvəlki oyunlarda da pis təsir bağışlamırdıq. Komandamızda təcrübə çatışmazlığı var. Gec-tez biz də xal qazanmağa başlamalı idik. Rəhbərlik komandanı topladı, iclas keçirdi. Ola bilsin ki, orda səslənən bəzi fikirlər də komandaya təsirsiz ötüşmədi. "Sumqayıt Şəhər"ə kef çəkməyə gələnlər də tapılar. Bəziləri ümumiyyətlə gələcəklərinin bu komandada olduğunu anlamırlar. 17-18 yaşımızda bizdən oynamağı tələb edirdilər. İndi isə 25 yaşlılara perspektiv gözü ilə baxırlar. Amma yaxşı artırmağa başlayan uşaqlar da var. Məsələn, Bədavi Hüseynov, Kamil Nurəhmədov və Orxan Əliyev. Emin Mustafayevi hələlik tərifləmək istəməzdim. “Kəpəz”lə oyuna kimi o, 4-5 uğursuz oyun keçirmişdi. Ona öz üzərində daha çox işləməyi tövsiyyə edirəm”.
Abasov “Kəpəz” üzərindəki qələbəni çox şişirtməyin əleyhinədi: “Bu kluba böyük hörmətim var. Amma onlar üzərindəki qələbəni mühüm uğur kimi dəyərləndirmək olmaz. Hətta 0:1 hesabıyla geridə olanda da bilirdim ki, uduzmayacağıq. Gəncəlilər bu oyunda xüsusi heç nə göstərmədilər. Qarşıdakı “Bakı” və “Turan”la oyunlarda da maksimum xal toplamağa çalışacağıq. Çünki gələn ilin əvvəlində bizi AZAL, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”la oyunlar gözləyir”.
