12 dekabr 2011 19:03
İnter yeni rekorda doğru
Məlum olduğu kimi, Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə “İnter” artıq ard-arda 13 turdu məğlub olmur. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq yeni rekorda doğru gedir.
Belə olan halda bu komandanın Azərbaycan çempionatında məğlubiyyətsizlik seriyalarını xatırlamağa dəyər:
2004/05-məğlubiyyətsiz 13 oyun. “İnter” 117 gün uduzmamışdı
Komandanın məğlubiyyətsizlik seriyası 2004/05 mövsümündə 21 noyabr 2004-cü ildə “Xəzər Lənkəran”la(1:0) keçirdiyi oyunda start götürmüş və 18 mart 2005-ci il tarixdə “Karat”la baş tutmuş matçda (2:3) başa çatmışdı. 13 qarşılaşmanı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 9 matçda qalib gəlmiş, 4 oyundasa meydandan sülhlə ayrılmışdı.
2005/06- məğlubiyyətsiz 12 oyun. “İnter” 127 gün uduzmamışdı
Komandanın məğlubiyyətsizlik seriyası 2005/06 mövsümündə 12 avqust 2005-cü il tarixdə “Gəncə” ilə (2:2) keçirdiyi oyunda start götürmüş və 17 dekabr 2005-ci il tarixdə “Bakı” ilə baş tutmuş matçda başa çatmışdı. 12 qarşılaşmanı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 8 matçda qalib gəlmiş, 4 oyunda isə meydandan sülhlə ayrılmışdı.
2007/08 və 2008/09- məğlubiyyətsiz 21 oyun. “İnter” 315 gün uduzmamışdı
Bu dəfə “İnter”in məğlubiyyətsizlik seriyası 2 mövsümü əhatə edib. Sözügedən seriya 2007/08 mövsümünün sonunda başlamış və 2008/09 mövsümünün ortalarınadək davam etmişdi. Bu proses 19 aprel 2008-ci il tarixdə “Qarabağ” üzərində 1:0 hesablı qələbəylə başlamış və 28 fevral 2009-cu il tarixdə “Bakı” ilə görüşdə 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı. Qeyd edək ki, “İnter” həmin mövsüm, demək olar ki, bir il- 315 gün uduzmamışdı. 21 matçı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 17 qarşılaşmada qalib gəlmiş, 4 oyundasa rəqiblərilə sülhlə bağlamışdı.
2008/09 və 2009/10- məğlubiyyətsiz 11 oyun. “İnter” 167 gün uduzmamışdı
Yenə də məğlubiyyətsizlik seriyası 2 mövsümü əhatə edir-2008/09 mövsümün sonu və bir oyun 2009/10. Məğlubiyyətsizlik seriyası 7 mart 2009-cu il tarixdə “Qəbələ” (0:1) ilə səfər oyunuyla başlamış və növbəti mövsümdə 21 avqust 2010-cu il tarixdə “Xəzər Lənkəran”la keçirilən oyunda (0:1) sona çatmışdı. 11 oyundan 8-də “İnter” qalib gəlimiş, 3 oyundasa xalları bölmüşdü.
2009/10 - məğlubiyyətsiz 13 oyun. “İnter” 125 gün uduzmamışdı
Komandanın məğlubiyyətsizlik seriyası 2009/10 mövsümündə 13 dekabr 2009-cu il tarixdə “Olimpik”lə (1:0) qarşılaşmada start götürmüş və 17 aprel 2010-cu il tarixdə “Neftçi” ilə (0:1) oyunda başa çatmışdı. Məğlubiyyətsizlik seriyası 7 qələbəni və 6 heç-heçəni əhatə edir.
2011/12 - məğlubiyyətsiz 13 oyun. Seriya indiyədək davam edir və minimum 98 gün təşkil edəcək
Komandanın məğlubiyyətsizlik seriyası 201/12 mövsümündə, noyabrın 10-da “Simurq”la keçirilən oyunda başlayıb və indiyədək davam edir. Bu oyunlarda “İnter” 7 dəfə qalib gəlib, 6 qarşılaşmada isə heç-heçəyə imza atıb.
Beləliklə, göründüyü kimi, bu mövsüm “İnter” 13 oyundan ibarət məğlubiyyətsiz matç sayına görə ikinci rekord nəticəsini təzələyib. Komanda bu nəticəni şənbə günü yaxşılaşdıra bilər. Qeyd edək ki, tam rekord nəticəni əldə etmək üçün “İnter”ə 8 ard-arda məğlub olmamaq lazımdı. (klub saytı)
