13 dekabr 2011 13:28
“Neftçi Barcelonanı qabaqlamaq istəyir”
“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 16-cı turunun AZAL üzərindəki qələbə qazandıqları (7:1) oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Siz AZAL-ı nəyin sayəsində belə böyük hesabla yenə bildiniz?
- Biz sadəcə baş məşqçimizin verdiyi tapşırıqların hamısını meydanda dəqiq və düzgün yerinə yetirdik. Rəqib bizə xüsusi çətinlik yarada bilmədi. Uşaqlar qələbə üçün əllərindən gələni etdilər. Bu oyunda bacardıqlarımızın hamısını etdik. Birinci dövrədə bu komandaya uduzmuşduq. Buna görə revanş hissi də var idi.
- “Neftçi”nin hazırda ideal formada olduğunu söyləmək olar?
- Son oyunlar belə deməyə əsas verir. “Xəzər Lənkəran”ı 5:0, “Simurq”u 4:2, AZAL-ı 7:1 hesabıyla məğlub etdik. Bu, pik formada olduğumuzu göstərir. Hətta kiminsə bizi saxlaya biləcəyinə də inanmıram. İndi bu formanı mövsümün sonuna kimi saxlamaq lazımdı.
- Amma mövsüm uzundu və hər komandada eniş dövrü də olur...
- Hər şey ola bilər. Əsas odu ki, çox arxayınlaşmayaq. Elə olsa, hətta autsayderlər də bizi cəzalandıra bilərlər.
- 16 iyuna 34 qol vurmaq Premyer Liqada heç də hər komandaya nəsib olmayıb...
- “Barcelona” İspaniya La Liqasında 16 oyuna 50 qol vurub. Onları qabaqlamaq istəyirik (gülür). Amma ciddi danışsaq, ötən mövsüm bizdə belə deyildi. Komandamız çoxsaylı qol epizodları yaratsa da, bəxti gətirmirdi. İndi isə maksimuma nail olmağa çalışırıq.
- 17-ci turda sizi mövsümün ən yaxşı müdafiə xəttinə malik komandası ilə oyun gözləyir...
- “İnter” həm də bizim ən yaxın izləyicimizdi. Bu komandaya birinci dövrədə uduzmuşduq. Bu üzdən də “bankirlər”lə bu dəfəki oyuna ciddi hazırlaşıb, qələbə qazanmalıyıq. Bu oyunda asan qələbə gözləməyin. Bundan sonrakı istənilən xal itkisi bizim üçün faciə olacaq.
- Artıq üçüncü oyundu ki, meydanda yarımmüdafiəçi kimi çıxış edirsiz. Birdəfəlik bu mövqeyə keçmək fikriniz yoxdu?
- İndi mən Rəşad Abdullayevin mövqeyində çıxış edirəm. O, artıq növbəti turdan etibarən qayıdır. Düzünü desək, o, bu mövqedə daha çox fayda verir. Bu mövsüm mənə də daha çox güvənilməyə başlayıb. Nə qədər çox oynayıram, özümə inamım bir o qədər də artır. Əgər qarşıdakı oyunlarda meydana çıxmasam, Rəşadla Böyükağa Hacıyevdən inciməyəcəm.
- İndi mən Rəşad Abdullayevin mövqeyində çıxış edirəm. O, artıq növbəti turdan etibarən qayıdır. Düzünü desək, o, bu mövqedə daha çox fayda verir. Bu mövsüm mənə də daha çox güvənilməyə başlayıb. Nə qədər çox oynayıram, özümə inamım bir o qədər də artır. Əgər qarşıdakı oyunlarda meydana çıxmasam, Rəşadla Böyükağa Hacıyevdən inciməyəcəm.
