13 dekabr 2011 01:35
Amid Quluzadə: Berti Foqts mənə doğru seçim etdiyimi bildirdi
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının və “Erciyesspor”un yarımmüdafiəçisi Amid Quluzadə azerisport.az saytına müsahibə verib. Quluzadə öz karyerası, Türkiyə birinci divizionun 15-ci turunda “Kasımpaşa”ya qarşı oyundan (2:2) söz açıb. O, həmçinin bu liqanı Azərbaycan çempionatı ilə müqayisə edib.
- “Kasımpaşa” ilə oyun barədə nə deyə bilərsiniz?
- Bu rəqibə qarşı yaxşı oynadıq. Oyunun gedişində iki dəfə hesabda irəli çıxdıq. Təəssüf ki, qələbə hesabını qoruya bilməyərək xalları yarı böldük. Çox təəssüf ki, qələbəni qoruya bilmədik. “Erciyesspor” kifayət qədər yaxşı oyun göstərdi.
- Ancaq bu dəfə siz meydana çıxmadınız. Bu nə ilə bağlı idi?
- Məşqçinin qərarı ilə. Ancaq mən qeyd etmək istəyirəm ki, məşqçi mənə inanır və bu oyunu nəzərə almasaq, hər oyun məni meydana buraxır. Sadəcə son oyunlarda biz yeni taktikanı sınayırıq və meydana iki hücumçu buraxırıq. Buna görə də bu dəfə ehtiyatda qaldım. Ancaq bununla bağlı heç bir problem yoxdu. Klubda mənə yaxşı münasibət göstərirlər və mən də öz növbəmdə ümidləri doğrultmaq üçün məşqlərdə səylə çalışıram. Burada ümumiyyətlə heç kim əsas heyətin üzvü olduğunu əminliklə deyə bilməz. Öz üzərində işləməyi davam etdirmək gərəkdi.
- Kayseri xoşunuza gəlir?
- Sakit və gözəl şəhərdi. Məni küçədə addımbaşı tanıyırlar. Yaxınlaşır, oyun barədə soruşur, öz fikirlərini deyir və hətta nöqsan da tuturlar. Klubumuzun uğurları məni sevindirir. “Erciyesspor” qarşısında böyük məqsədlər qoyur. Növbəti mövsümdə biz artıq Superliqada çıxış etmək istəyirik. Buna görə də hər oyunda tam gücümüzü ortaya qoyuruq.
- Türkiyə birinci divizionunu Azərbaycan çempionatı ilə müqayisə etmək olar?
- Böyük fərq yoxdu. Buranın birinci divizionu Azərbaycan çempionatından geri qalmır. “Qarabağ”, “Neftçi”, “İnter” və ya “Xəzər Lənkəran” burada rahatca çıxış edə və aparıcı mövqelərdə qərarlaşa bilərlər. Sadəcə futbola maraq burada daha çoxdu. Hər oyunda anşlaqdı. Səfər oyunlarına təyyarə ilə uçuruq. Həmçinin qeyd etmək istəyirəm ki, Türkiyədə hər bir klubun öz stadionu və bazası var. Meydanlar isə sadəcə çox gözəldi.
- Hansı klubu öz birinciliyinizdə maddi cəhətdən ən uğurlu görürsünüz?
- Yəqin ki, “Kasımpaşa”. Onların heyətində transfer dəyəri 1-2 milyon avro olan futbolçular var. Ümumiyyətlə birinci divizionun səviyyəsi çox yüksəkdi. Hər komandada Superliqada çıxış etmiş dörd-beş futbolçu var. Hər turda klublar baxımlı oyun göstərir.
- Türkiyədə azərbaycanlı futbolçuları xatırlayırlar?
- Vaxtı ilə bu şəhərin komandasında Rəşad Sadıqov oynayıb. “Erciyesspor”da deyil, “Kayserispor”da. Onu bu vaxta qədər xatırlayırlar və tez-tez haqqında soruşurlar. Mənsə onlara Sadıqovun indi “Qarabağ”da çıxış etdiyini və əsas yığmanın kapitanı olduğunu deyirəm. O, burada yüksək səviyyədə oynayıb. Buna görə də onu xatırlayırlar.
- Azərbaycanın əsas yığmasına çağırışı gözləyirsiniz?
- Milli komandaya Berti Foqts cavabdehdi. Baş məşqçi odur və o, kimin oynayıb-oynamayacağına qərar verir. Düzünü desəm, AÇ-2012-nin seçmə mərhələsində Türkiyəyə qarşı oyuna dəvət gözləyirdim. Düşünürdüm ki, İstanbul meydanına çıxsam mənə çox diqqət yetirərdilər. Buna baxmayaraq dəvət almadım. Ancaq mən dəvət gözləyirəm və yığmada oynamağa həmişə hazır olacağam.
- Siz millinin noyabr toplanışlarında da iştirak etmişdiniz...
- Mən toplanışlara hələ Almaniyada qoşuldum. Foqts mənə Türkiyədə çıxış etdiyimi bildiyini və həmişə məni diqqətdə saxladığını bildirdi. O, həmçinin Türkiyə klubuna keçməyimlə doğru seçim etdiyimi bildirdi. Düşünürəm ki, o, toplanışlarda məni yoxlayıb və nəyə qadir olduğumu bilir. Əgər komandaya lazım olsam, Foqts mütləq məni dəvət edəcək. Belə isə mən həmişə yığmadan uğurlu oyun gözləyirəm.
