13 dekabr 2011 14:46
Qəbələ üçün 3 xal mənbəyi: Turan
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə Tovuzun “Turan” klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, indiyədək 17 dəfə qarşılaşan komandaların duelində 11 dəfə məhz “Qəbələ” qələbə qazanıb.
Komandaların ilk dueli hələ “Qəbələ” birinci divizionda çıxış etdiyi vaxta təsadüf edir. Həmin vaxt kubok duelində “Turan” yeganə qolun sayəsində mərhələ adlayıb. Kubokdakı qisas 3 il sonra alınıb. Özü də 2 qələbə ilə.
Çempionatda isə ilk 3 mövsümdə komandalar hərəyə 2 qələbə qazanıb, 2 bərabərliklə kifayətləniblər. 2009/10 mövsümündən başlayaraq isə “Turan” “Qəbələ” üçün 3 xal mənbəyinə çevrilib. Bu müddətdə ardıcıl 7 qələbə qazanan Qəbələ təmsilçisi ilk 6 uğurunu quru qələbələrlə qeyd edib.
Yalnız cari mövsümdə “Turan” "Qəbələ"nin qapısına 1 qol vurub. Lakin bu da 7-ci qələbəyə mane olmayıb.
Ardıcıl 8-ci qələbə üçün meydana çıxacaq "Qəbələ" ümumilikdə 17 görüşdə 11 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə də uduzub. Top fərqində isə üstünlük az qala ikiqatdır – 18:10.
