17 dekabr 2011 15:44
Qarabağın dekabr seriyası davam edir
"Qarabağ" Premyer Liqanın 17-ci turunda "Rəvan"ı qəbul etdi. Azerisport.az xəbər verir ki, gərgin keçən oyun sonda Ağdam klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşdı.
"Qarabağ" bu mövsüm Premyer Liqada 8-ci qələbəsini qazanmaqla yanaşı, ilin son ev oyununu 3 xalla bitirdi. Ümumiyyətlə, "Rəvan" ilk dəfə Ağdama təşrif buyursa da, "Qarabağ"ın Quzanlı qurbanlarının sırasına düşdü. Bu oyun eyni zamanda bir sıra məqamlarla da yadda qaldı.
"Qarabağ" "Rəvan"ın sələfi olan "Muğan"la ötən mövsüm məhz qış fasiləsindən 1 tur öncə ev oyununda, amma Suraxanı qəsəbə stadionunda qarşılaşmış və məhz 2:0 hesablı qələbə qazanmışdı. Dekabrın 18-də baş tutan oyunda Rəşad Sadiqov və Vüqar Nadirovun qolları qələbə gətirmişdi.
"Rəvan"a vurulan hər 2 qolun müəllifi olan Əfran İsmayılov isə cari mövsüm 5-ci dəfə qola sevindi.
Bununla da, "Qarabağ" bombardirinə çevrilən 23 yaşlı futbolçu karyerasının artıq ən yaxşı göstəricisinə imza atıb. Belə ki, 2009-2010 mövsümündə 5 qola imza atan Əfran zədə üzündən böyük hissəsini boşa verdiyi ötən mövsüm sadəcə bir dəfə fərqlənmişdi. Bu il artıq 5 dəfə fərqlənən İsmayılovun kubokda da bir qolu olduğunu qeyd edək.
Bu dubl eyni zamanda Əfranın karyerasında 3-cü oldu. O, ilk dəfə 2010-2011 mövsümündə "Portadaun"la Avroliqa mücadiləsində dublla "Qarabağ"a Şimali İrlandiyada əzmkar qələbə qazandırmışdı - 2:1. Bu il ilk turdan təxirə salınmış oyunda "Neftçi" qarşısında qol hesabı dublla açsa da, sonda 2:3 hesablı məğlubiyyət qeydə alınmışdı. Amma sonuncu dublunda Əfran eyni zamanda ilk dəfə penaltiylə fərqlənərək siftə etdi.
"Qarabağ" bu qələbəylə həm də uğurlu dekabr seriyasını davam etdirdi. Maraqlıdı ki, ötən il "Qarabağ" ilin son ayında keçirdiyi 4 görüşdə qələbə qazanmış, sadəcə "Xəzər Lənkəran"la son oyunda qapısında qol görmüşdü. Komanda bu il də ilk 3 görüşdə qapısında qol görməsə də, məhz "Xəzər Lənkəran"la Lənkəranda baş tutan oyunda qələbə qazana bilməsə də, qol buraxmayıb. (klub saytı)
