18 dekabr 2011 22:03
Amitsiz Erciyesspor yenə məğlub oldu
Türkiyənin Bank Asya birinci liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Sakaryaspor” ilə qarşılaşıb. Qeyd edək ki, Kayseri təmsilçisi bu oyun öncəsi 27 xalla dördüncü pillədə gedirdi. “Sakaryaspor” isə 11 xalla 18 komanda arasında 16-cı idi. Bir sözlə meydan sahiblərinin daha güclü rəqibinə müqavimət göstərməsi az inandırıcı görünürdü. Lakin nə qədər gözlənilməz olsa da, “Erciyesspor” hesabı açmasına rəğmən, bu görüşdən məğlub ayrılıb.
Komandasının əsas heyət oyunçularından birinə çevrilsə də, son matçlarda az görünən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Fikret Yılmaz millimizin üzvünü bu oyunda da ehtiyatda saxlayıb.
Türkiyə Bank Asya birinci liqası
16-cı tur
18 dekabr
Sakaryaspor - Erciyesspor – 2:1 (2:1)
Qollar:Salih Dursun, 26; 43 - Gökhan Kaba, 4.
