19 dekabr 2011 16:07
AFFA Karvanın futbolçusunu diskvalifikasiya etdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri birinci divizionun 9-cu turundan təxirə salınmış bir oyunda, eləcə də 15-ci turda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verib.
"Qaradağ" - "Karvan" matçının 75-ci dəqiqəsində "Karvan"ın futbolçusu Anar Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalandırılıb, klubu 20 manat cərimə olunub.
9-cu turdan təxirə salınmış "Bakılı" - "Şahdağ" oyununda və 15-ci turun "Bakılı" - "Neftçala" matçında qonaqların 4, "Energetik" - "MKT-Araz" görüşündə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığından klublar 100 manat cərimə edilib.
