19 dekabr 2011 19:18
“İlin son oyununda hədəfimiz yalnız 3 xaldı”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 18-ci turunda, dekabrın 21-də doğma meydanda qarşılaşacaqları “Qarabağ”la oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, türkiyəli çalışdırıcı bu görüşün ilk altılıqda möhkəmlənmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib:
“Çox çətin oyun olacaq. Rəqibimizin təqdimata ehtiyacı yoxdu. Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxacaq. Matça çox yaxşı hazırlaşmısıq. İlin son oyununda hədəfimiz yalnız 3 xaldı. Hazırda “Qarabağ” turnir cədvəlində bizdən bir pillə irəlidədir və onlar “Qəbələ”ni 3 xal qabaqlayırlar. Bu matçda Ağdam təmsilçisi ən azı 3 xallıq fərqi qorumağa çalışacaq. Təsnifat mərhələsinin 1-ci dövrəsində “Qarabağ”a səfərdə 1:0 hesabı ilə qalib gəlməyimiz oyuna rahat çıxmağımıza əsas vermir. Əksinə qarşılaşmaya daha ciddi hazırlaşmışıq. Qalib gəlib “altılıq”da möhkəmlənmək istəyirik. Heyətdə bir neçə itkimiz olsa da, kollektivdə ab-hava yüksək səviyyədədi”.
Qeyd edək ki, Deon Barton, Abdulkader Kamara, Yaşar Abuzərov zədəyə, Nodar Məmmədov isə “Turan” matçda qırmızı vərəqə ilə cəzalandırıldığına görə “Qarabağ”a qarşı forma geyə bilməyəcəklər. Zədəsini sağaldan Aleksandr Çertoqanov isə artıq sıraya dönüb və komanda ilə məşqlərini davam etdirir.
