20 dekabr 2011 13:53
Uğursuz meydança və ya dəyiş(məy)ən sindrom
Sabah "Qəbələ" və "Qarabağ" qış fasiləsindən öncə son oyunlarını keçirəcəklər. Azerisport.az xəbər verir ki, iərəflərin qarşılaşma tarixi cəmi 5 il olsa da, daim çəkişmə, maraqlı oyunlar duelləri zənginləşdirib.
İndiyə kimi tərəflərin 13 dueli baş tutub. "Qarabağ" daha çox - 6 dəfə qələbə sevincini yaşayıb. Qəbələlilər isə 3 dəfə 3 xalla öyünüb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada "Qarabağ" qələbə qazanıb və bütün oyunlarda 2 qolla qələbəni bayram edib (bir dəfə 3:2). Ardınca 3 heç-heçədən sonra nəhayət "Qəbələ" 3:1 hesabıyla qələbə qazanıb. Tərəflər arasında yeganə böyükhesablı qələbə ötən mövsüm qeydə alınıb. Ağdam klubu Suraxanıda 3:0-lıq qələbəyə sevinib.
"Qarabağ" "Qəbələ" qarşısında ilk 3 oyunda səfər qələbəsi qazansa da, rəqib eyni uğuru cari birincilikdə əldə edə bilib. Avqustun 27-sində Quzanlıda baş tutan görüşdə qonaqlar Viktor Mendinin qolu ilə qələbə qazandı.
Ümumiyyətlə, "Qarabağ" son zamanlar "Qəbələ" ilə oyunlarda çətinlik çəkir. Qeyd etdiyimiz ilk 3 qələbədən sonra ağdamlılar şimaldan 3 xalla dönə bilmir.
Daha maraqlı bir məqam ondan ibarətdi ki, "Qarabağ" ilk qələbəni o vaxt "Gilan" adlanan komanda üzərində Mingəçivirdə qazanmışdısa, növbəti qələbələr Qəbələ şəhər stadionunda qeydə alınmışdı. Ardınca stadion təmirə bağlandıqdan sonra qəbələlilər ev oyunlarını süni meydanda keçirməyə başladı. Həmin stadion isə sanki "Qarabağ" üçün tilsimlənib. 2009-2010 mövsümündə ilk dəfə həmin meydanda baş tutan görüşdə "Qarabağ" Tomas Stolpanın penalti qoluyla geri düşsə də, sonda Rəşad Sadiqov bərabərlik gətirən qolu vura bilmişdi. Amma ardınca baş tutan 2 oyunda "Qarabağ" məğlub olub - 1:3, 1:2.
İndi "Qəbələ" ilə "Qarabağ" 4-cü dəfə həmin meydanda qarşılaşacaq. Maraqlıdı ki, Qəbələnin əsas meydanın rəqibinə xal verməyən Ağdam klubu yardımçı meydançada qələbəyə həsrət qalıb.
Mənbə: "Qarabağ"ın mətbuat xidməti
