20 dekabr 2011 00:08
Danışılmış oyunlarda şübhəli bilinən 17 futbolçu həbs olundu
İtaliya polisi 17 nəfəri razılaşdırılmış futbol matçlarında şübhəli bilərək həbsə alıb. Azerisport.az xəbər verir ki, həbslər Kremon şəhərinin müvafiq təhqiqat aparan prokurorluğu tərəfindən sanksiyalaşdırılıb.
Həbs olunanlar arasında “Atalanta” komandasının keçmiş kapitanı Kristiano Doni də var. O, keçən il B seriyası çərçivəsində azı üç razılaşdırılmış görüşdə şübhəli bilinir. Donidən başqa, İtaliyanın futbol çempionatının müxtəlif komandalarında və divizionlarında çıxış edən daha 16 nəfər həbsə alınıb.
Son yarım ildə artıq ikinci dəfədi ki, prokurorluq İtaliya futbolçularını razılaşdırılmış oyunlar təşkil edib keçirməkdə ittiham edir. Belə ki, Apennində bundan əvvəlki qalmaqal iyunun 1-də qalxmışdı. Məlum olmuşdu ki, İtaliya yığmasının keçmiş futbolçusu Cüzeppe Sinyori razılaşdırılmış oyunlar təşkil etməkdə şübhəli bilinərək həbs edilib. O zaman Sinyoridən başqa İtaliya polisi daha 15 nəfəri həbs etmişdi.
