21 dekabr 2011 13:27
Azərbaycan yığması 2011-ci ili 14 pilləlik geriləmə ilə başa vurur
FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması dekabr ayı üçün açıqlanan siyahıda 1 pilləlik irəliləyişə nail olub.
Berti Foqtsun komandası hazırda 112-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 300 reytinq xalı var.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq (128-ci yer; 252 xal). Bizdən öndə olanlar isə bunlardı – Portuqaliya (7; 1100), Rusiya (12; 971), İsrail (37; 665) və Şimali İrlandiya (87; 403).
İlk onluqda isə heç bir dəyişiklik olmayıb. Birinci pillədə yenə İspaniya gedir (1564), ikinci Hollandiya (1365), üçüncü Almaniyadı (1345). Uruqvay dördüncü (1309), İngiltərə beşinci (1173), Braziliya altıncı (1143), Portuqaliya yeddinci (1100), Xorvatiya səkkizinci (1091), İtaliya doqquzuncudu (1082). İlk onluğu Argentina yığması qapayır (1067).
Ötən bir ayın ən yaxşı göstəriciyiə malik komandası Samoadı. Bu komanda 55 pilləlik irəliləyişə nail olub. Zimbabve və Qranada yığmaları isə 28 pillə geriləməklə ən pis göstəriciyə imza atıblar.
Onu da xatırladaq ki, Azərbaycan yığması 2010-cu ili 98-ci pillədə qapamışdı. Komandamız son 12 ayda 14 pilləlik geriləməyə məcbur olub. Yığmamız bu il ən yaxşı göstəricisinə sentyabr ayında imza atmışdı - 97-ci pillə.
Növbəti reytinq siyahısı 2012-ci ildə, yanvarın 18-də açıqlanacaq.
