21 dekabr 2011 19:46
Bakı-2020-nin loqosu təqdim olundu (FOTO)
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi təqdimat mərasimi keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, müxtəlif federasiyaların rəsmiləri, olimpiya çempionları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Öncə çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qarşıya qoyulan vəzifələrdən ilk addım kimi “Bakı-2020”nin loqosunu təqdim etdiklərini qeyd edib. Hüseynzadə loqonun məşhur xalçalarımızın naxışlarına bənzədiyini, olimpiya halqalarının rənglərini özündə birləşdirdiyini qeyd edib. MOK rəsmisi devizləri də açıqlayıb: “Biz birlikdə bacararıq” (Together we can).
Ardından səhnəyə olimpiya çempionlarımız Zemfira Meftahəddinova və olimpiya çempionu Elnur Məmmədli, ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev, eləcə də “Gələcək olimpiya çempionları adlandırılan” uşaqlar çıxıblar. Bundan sonra Təşkilat Komitəsinin üzvləri “Bakı-2020”nin loqosunu təqdim ediblər.
