21 dekabr 2011 00:24
Cüneyt Biçer keçmiş klubuna qarşı
Ötən həftə uğursuz oyunlar seriyasına böyük hesablı səfər qələbəsi ilə son qoyan “Xəzər Lənkəran” artıq beş gün sonra ciddi sınaqla üz-üzədi. Azerisport.az xəbər verir ki, 2011-ci ilin son oyununda komanda doğma arenada “Bakı”nı qəbul edir.
“Xəzər Lənkəran” üçün qarşıdan gələn matç cari çempionatda onuncu ev oyunu olacaq. Mövsümün startından etibarən altı ardıcıl ev qələbəsini sıralayan komanda axırıncı dəfə doğma divarlar arasında 11-ci turda “Kəpəz”i məğlub edib. Son üç ev görüşündə isə cəmi iki xal toplaya bilib. Lənkəranda keçirilmiş doqquz ev qarşılaşmasında 11 dəfə fərqlənib, qapısında isə 5 qol görüb.
“Bakı” isə ilə onuncu səfər oyunu ilə yekun vuracaq. Paytaxt klubu bu mövsüm keçirdiyi səfər oyunlarının dördündə qələbə qazanıb (biri texniki olmaqla), iki dəfə heç-heçə edib və üç görüşdə məğlubiyyətə uğrayıb. Texniki qələbəyə görə verilmiş üç qolu nəzərə almadıqda komanda rəqib meydanında bu mövsüm 7 qol vurub, 5 qol buraxıb.
Son altı çempionat oyununda “Xəzər Lənkəran”ın bir qələbəsi var və bu qələbə son turda qeydə alınıb. Üç oyunda heç-heçə etmiş komanda daha iki oyunda məğlub olub. “Bakı” isə bu altı turun dördünü qələbə ilə başa vurub, bir dəfə heç-heçə edib, bir dəfə də məğlub olub.
Bu gün tarixinin 285-ci oyununa çıxacaq XL “Bakı”nı çempionat çərçivəsində onuncu dəfə qəbul edəcək. Geridə qalan illər ərzində bu komandalar arasında Lənkəranda keçirilmiş 9 oyunda “Xəzər Lənkəran” 4 dəfə qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə məğlub olub. Bu oyunlarda cənublular 10 qol vurub və 4 top buraxıb.
“Xəzər Lənkəran” son dəfə “Bakı”nı ötən çempionatın 31-ci turu çərçivəsində qəbul edib və həmin oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin oyunda qolları Opara və Skarlatake vurmuşdu.
“Bakı”nın çempionatda “Xəzər Lənkəran” üzərində son qələbəsi 2009/10 mövsümünün axırıncı turuna təsadüf edir (0:1). Lənkəranda baş tutumuş həmin qarşılaşmada paytaxt komandasına məhz Cüneyt Biçer rəhbərlik edirdi.
Klubunda çıxışların sayına görə dördüncü pillədə olan Kamran Ağayev “Xəzər Lənkəran”ın heyətində 145-ci oyununun astanasındadı. Həmçinin Elnur Allahverdiyev meydana çıxacağı təqdirdə ağ-yaşıl formada oyunlarının sayını 50-yə çatdıracaq.
