23 dekabr 2011 02:47
Arda Turan baş məşqçisiz qaldı
Türkiyə milli komandasının futbolçusu Arda Turanın da formasını geyindiyi İspaniyanın "Atletico" klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisinin son uğursuzluqları nəhayət ki, baş məşqçi Qreqorio Mansanonun postundan qovulması ilə nəticələnib.
Komandanın İspaniya kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi "Albecete"yə 1:3 hesablı məğlubiyyəti rəhbərliyin səbr kasasını daşırıb. Mansanonun komandasının La Liqada da uğursuz çıxışını nəzərə alan klub başbilənləri onunla yolları ayırmağa qərar verib.
Qeyd edək ki, "Atletico" İspaniya çempionatının cari mövsümündə 16 turdan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb. Hələlik Mansanonu kimin əvəzləyəcəyi dəqiqləşməyib.
