23 dekabr 2011 12:11
Fərhad Vəliyev Kəpəz yolunda
"Kəpəz"in heyətini böyük ölçüdə dəyişməyə hazırlaşan Mirbağır İsayev artıq bir sıra futbolçuları gözaltı edib. Azerisport.az xəbər verir ki, artıq yavaş-yavaş baş məşqçinin sərəncamında görmək istədiyi futbolçuların kimliyi müəyyənləşir.
İsayevin "Neftçi"dən Elmar Baxşıyevi transfer etmək istəməsi barədə məlumatlar hələ xeyli öncədən yayılmışdı. Elə Baxşiyev kimi, “Sumqayıt Şəhər”də əsas heyətə düşməkdə çətinlik çəkən Eşqain Quliyev də bölgə təmsilçisinin maraq dairəsindədi.
İsayev Fərhad Vəliyevi də sərəncamında görmək istəyir. Boyan Pavloviçin gəlişindən sonra "Qarabağ"da heyətə düşməyən yığmanın sabiq qapıçısı özü də bu keçiddə maraqlıdı. Lakin transferin baş tutub-tutmayacağı dəqiq bilinmir. Gəncəlilər Vəliyevlə yanaşı "İnter"in şərəfini qoruyan Səlahət Ağayevin də xidmətində maraqlıdılar.
