24 dekabr 2011 13:17
Xəzər Lənkəranın veteran futbolçusu yubileyini qeyd edir
Bu gün “Xəzər Lənkəran”ın veteranlarından olan Namiq Qarayevin yubileyidi. Azerisport.az xəbər verir ki, hazırda bu klubun U-16 komandasının məşqçisi olan Namiq Qarayevin 60 yaşı tamam olur.
Namiq Qarayev futbolçu karyerasına 1968-ci ildə başlamışdır. Həmin dövrdə o, Lənkəranın “Məhsul” komandasında çıxış edirdi. 1970-ci ildə “Məhsul” komandasının adı dəyişdirilərək “Xəzər” qoyuldu, Qarayev də karyerasını burada davam etdirdi. 1970-72-ci illərdə hərbi xidmətdə olan Namiq Qarayev qayıdandan sonra da “Xəzər”də çıxışlarınnı bərpa etdi. Ardından bədən tərbiyəsi və idman institutuna daxil olan futbolçu təhsil aldığı illərdə də Lənkəran komandasının şərəfini qorumuşdu. 1977-ci ildə Namiq Qarayev “Xəzər”lə birlikdə SSRİ çempionatının 2-ci divizionunun 9-cu zonasında çıxış etmək imkanı qazandı. 1978-ci ildən etibarən komandaya ayrı şəhərlərdən və ittifaqın digər dövlətlərindən futbolçular gəlməyə başladı. “Xəzər”in heyətində yalnız üç yerli futbolçu heyətdə qaldı ki, onlardan biri də Namiq Qarayev idi.
1979-cu ildən etibarən Namiq Qarayevin məşqçilik karyerası başlayır. Moskvada 2 aylıq kursu uğurla bitirəndən sonra o, “Xəzər”də Kazbek Tuayevin köməkçisi kimi çalışmağa başladı. Sonrakı illərdə Namiq müəllim Rəşid Özbəyov və Sergey Kramarenkonun köməkçisi qismində də fəaliyyət göstərib. 1985-ci ildə SSRİ Spartakiadasına qatılan futbol komandasının məşqçisi olan Namiq Qarayev həmin yarışın qalibi olub. 1987-ci ildə veteran futbolçunun baş məşqçiliyi altında “Xəzər” Azərbaycan kubokunu başı üzərinə qaldırıb.
1990-cı illərdə Lənkəran futbolunda bir qədər durğunluq olsa da, Namiq Qarayev həmin dövrdə də futbol fəaliyyətini davam etdirərək rayon daxilində müxtəlif yarışların təşkili ilə məşğul olub. 2001-ci ildə isə Namiq Qarayev Lənkəranda qızlardan ibarət futbol komandasının yaradılmasının təşəbbüskarı olub. Nəhayət, 2004-cü ildən, “Xəzər Lənkəran” Futbol Klubunun təməli qoyulduqdan etibarən, veteran futbolçu klubun aşağı yaş qruplarında məşqçilik fəaliyyətinin davam etdirir.
“Xəzər Lənkəran” Futbol Klubu Namiq Qarayevi 60 illik yubiley münasibətilə ürəkdən təbrik edib, ona Lənkəran futbolu üçün uzun illər gördüyü işlərə görə təşəkkür edib.
