24 dekabr 2011 15:20
Xəzər Lənkəran da qış hazırlıq planını açıqladı
Premyer Liqada keçirilmiş son oyundan sonra “Xəzər Lənkəran” komandası istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, futbolçular yenidən 6 yanvar tarixində Lənkəranda bir yerə toplaşacaq.
Ardından oyunçuların fiziki durumunun yoxlanılması məqsədilə xaricdən dəvət olunan mütəxəssislər komandanı tibbi testdən keçirəcək. Həmçinin Lənkəranda olduğu müddətdə komandaya hansı futbolçuların qoşulacağının da bəlli olması gözlənilir. Belə ki, komandanın təlim-məşq toplanışına komplektləşdirilmiş heyətlə yollanması nəzərdə tutulur.
“Xəzər Lənkəran”ın Antalya toplanışı 16 yanvar – 2 fevral tarixləri arasında olan müddəti əhatə edəcək. Komanda həmin zaman ərzində Bələkdə, beş ulduzlu “Spice Hotel & Spa” otelində məskunlaşacaq. Təlim-məşq toplanışı zamanı 5 yoldaşlıq oyununun keçiriləcəyi nəzərdə tutulub. Oyunların 21, 24, 29 və 31 yanvar, həmçinin 2 fevral tarixində keçiriləcəyi planlaşdırılır. Görüşlərdə “Xəzər Lənkəran”ın rəqibi olacaq komandalar haqqında əlavə məlumat veriləcək.
