25 dekabr 2011 11:53
Yığmamızın rəqibi fevralda bəlli olacaq
Futzal üzrə 2012-ci il dünya çempionatına vəsiqə verən pley-off mərhələsinin oyunlarının keçiriləcəyi tarix, eləcə də püşkatmanın vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının da mübarizə aparacağı bu mərhələnin püşkatması fevralın 11-də keçiriləcək.
Tədbir Xorvatiyanın Zaqreb şəhərindəki “Sheraton” otelində baş tutacaq və Bakı vaxtı ilə 14:30-da başlayacaq. Püşkatmada seçmə mərhələni qrup birincisi kimi bitirmiş ən güclülər qruplarından ikinci yerlə çıxan digər komandalarla düşəcəklər. Onların siyahısı aşağıdakı kimidi:
Qrup qalibləri: İspaniya, İtaliya, Serbiya, Portuqaliya, Ukrayna, Çexiya, Rusiya.
Qrup ikinciləri: Norveç, Rumıniya, Sloveniya, Slovakiya, Azərbaycan, Belarus, Macarıstan.
Pley-off mərhələsinin oyunlarının keçirilmə vaxtına gəlincə, həmin görüşlər gələn ilin 25-28 mart və 8-11 aprel tarixlərində baş tutacaq. Bu oyunlardan qalib çıxan 7 komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış olacaq. Hansı ki, həmin oyunlar 2012-ci ilin noyabr ayının 2-dən 18-dək Tailandda keçiriləcək.
