26 dekabr 2011 15:26
Neftçi Qurbanovu Simurqa icarəyə verdi
"Neftçi" gənc futbolçuların yetişməsinə xüsusi önəm verir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi qarşıya yaxın 2 ildə "Neftçi"nin əsas heyətinin 90 faizinin yerli futbolçulardan təşkil olunması məqsədini qoyub. Eləcə də gənc futbolçuların oyun praktikasını itirməməsinə görə onların digər klublara icarəyə verilməsi məqsədəuyğun sayılır. "Simurq"un rəsmi müraciətini müsbət cavablandıran "Neftçi"nin rəhbərliyi istedadlı futbolçu, 1992-ci il təvəllüdlü Nicat Qurbanovu Zaqatala təmsilçisinə icarəyə verib. O, mövsümün sonunadək "Simurq"un heyətində çıxış edəcək.
Qurbanov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Qış fasiləsi zamanı "Neftçi"nin əsas heyətində təlim-məşq toplanışında olmalıydım. "Simurq"un təklifini müsbət cavablandırıb, oyun praktikamı daha da artırmaq üçün başqa komandada icarə əsasında oynamağıma şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Çalışacağam ki, "Simurq"da özümü yalnız yaxşı tərəfdən göstərib, gələn mövsüm "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".
