26 dekabr 2011 18:01
Xəzər Lənkəran 2011-ci ili necə başa vurdu?
Ötən həftə keçirilmiş oyunla “Xəzər Lənkəran” 2011-ci ilin son matçını geridə qoydu. Azerisport.az xəbər verir ki, artıq ilin yekunlarına nəzər salmaq olar.
Başa çatmaqda olan ildə “Xəzər Lənkəran” 39 rəsmi oyunda qüvvəsini sınadı. Bu oyunların 31-i Premyer Liqa, 6-sı Azərbaycan Kuboku və 2-si Avropa Liqası çərçivəsində baş tutub.
39 matçda komanda 17 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Bu görüşlərdə ən çox qeydə alınan nəticə “1:1” hesabıdır. Komanda il ərzində düz səkkiz dəfə bir qol və bir xalla meydandan ayrılmalı olub.
Komandanın 6 məğlubiyyətindən biri Azərbaycan Kubokunda, biri isə Avropa Liqasında baş tutub. İlk halda məğlubiyyətə rəğmən növbəti mərhələyə adlaya bilibsə, qitə yarışında belə olmayıb. Qalan 4 məğlubiyyət isə çempionat oyunlarına aiddi. Bu dörd oyunun heç birində “Xəzər Lənkəran” qol vura bilməyib. Başqa sözlə, XL 2011-ci ildə qol vurduğu çempionat oyunlarında məğlub olmayıb.
39 oyunda komanda 54 dəfə rəqib qapısına yol tapıb. Öz qapısında isə 35 qol görmüşük. Bu il “Xəzər Lənkəran” düz 15 “quru oyun” keçirməyə müvəffəq olub. Bu oyunların hamısında qapını Kamran Ağayev qoruyub.
Komanda 2011-də 20 dəfə evdə, 18 dəfə səfərdə, 1 dəfə isə neytral meydanda oyun keçirib.
İl ərzində “Xəzər Lənkəran”ın ən çox qarşılaşdığı komandalar “Bakı” və “Neftçi”di. Bu rəqiblərin hərəsi ilə komanda 6 dəfə üz-üzə gəlib. “Bakı”ya 3 oyunda qalib gəldiyi halda, 2 heç-heçə edib, 1 görüşdə məğlub olub. “Neftçi” isə 2 dəfə məğlub edilib, 3 dəfə bu komanda ilə heç-heçə qeydə alınıb, 1 oyunda da XL məğlub olub.
2011-ci ildə üzərində ən çox qələbə qazandığı komandalar AZAL və “Bakı”dı. Hər iki komanda ayrı-ayrılıqda üç dəfə “Xəzər Lənkəran”la oyunlardan məğlub ayrılıblar.
Nəhayət, 2011-ci il “Xəzər Lənkəran” üçün titulla yadda qaldı. Son dəfə 2008-də Azərbaycan Kubokunu əldə etmiş komanda üç illik fasilədən sonra aktivinə daha bir trofey yazdı. 24 may tarixdə oyunsonrası penaltilər seriyasında “İnter”i məğlub edən komanda tarixində üçüncü dəfə Kuboka sahib çıxdı. Həmçinin “Xəzər Lənkəran” bu il Premyer Liqanın gümüş medallarını da əldə etdi. (klub saytı)
