28 dekabr 2011 00:08
Arazın yeni klubunu yaxından tanıyaq
Araz Abdullayevin Yunanıstanın "Panionios" klubuna keçdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq tərəflər bu keçidi tam rəsmiləşdirib və millimizin yarımmüdafəçisi tezliklə yeni klubunda oyuna çıxacaq.
Bəs görəsən Araz hansı kluba gedib? "Panionios"i yaxından tanımağa dəyər.
Bu klub 1890-ci ildə yaradılıb. 131 yaşlı klub Yunanıstan Super Liqasında çıxış edir. "Panionios" 1951-ci ildə Afina Liqasının qalibi olub. 1979 və 1998-ci illərdə Yunanıstan Kubokunu qazanan klub 1952, 1961, 1967 və 1989-ci illərdə bu turnirin finalında oynayıb. 1971-ci ildə "Balkan Kuboku"nu qazanan "Panionios" 1996-cı ildə finala çıxsa da, həlledici oyunda məğlubiyyət acısı yaşayıb.
Komandaya Takis Lemonisin istefasından sonra Apostolos Mantzios başçılıq edir. Klubun prezidenti Gerasimos Ventourisdi. "Panionios" ev oyunlarını paytaxt Afinanın cənubunda yerləşən Nea Smirni rayonundakı "Panionios" stadionunda keçirir. Arenanın azarkeş tutumu 11 700 nəfərdi.
"Panionios" bu mövsüm heç də uğurlu çıxış etmir. Komanda keçirdiyi 14 oyunda cəmi 3 qələbə qazanıb. 4 oyunda heç-heçə edib 7 dəfə məğlub olan Afina təmsilçisi 13 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Rəqib qapılarına 12 qol vuran "Panionios" 17 dəfə məyus olub.
