29 dekabr 2011 17:12
Bakı Antalyada 6 yoxlama oyunu keçirəcək
“Bakı” yanvarın 5-də Bakıda toplanaraq Premyer Liqanın hazırlıqlarına start verəcək. Azerisport.az klubun meneceri Kamran İsmayılova istinadən xəbər verir ki, hazırlıq 5-9 yanvar tarixlərində paytaxtda başlayacaq:
“Toplanışın birinci mərhələsi 9-20 yanvar tarixlərində Antalyada keçiriləcək. “Voyage” mehmanxanasında məskunlaşacaq komanda bu müddətdə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Oyunlar 14 və 19 yanvar tarixlərində keçiriləcək. Rəqib komandalar ilə ilkin razılıq əldə olunsa da, bu hələ ki, rəsmi şəkildə təsdiqini tapmayıb. Ona görə də komandaların adını açıqlamaq istəmirəm. Toplanışın birinci mərhələsi başa çatdıqdan sonra yanvarın 20-də Bakıya qayıdacağıq. 3 gündən sonra isə yenidən Antaliyaya yollanacağıq”.
“23 yanvar - 05 fevral tarixlərində isə Antalyada “Maxx Royal” otelində toplanışın ikinci mərhələsi keçirləcək. Bu müddət ərzində 4 yoldaşlıq qarşılaşmasını keçirməyi planlaşdırırıq. Oyunlardan ikisinin 26 və 29 yanvar, digər ikisinin isə 01 və 04 fevral tarixlərində keçirməsi gözlənilir. Qeyd edim ki, bütün qarşılaşmalar Antaliya – Belekde keçiriləcək. Hər bir komanda kimi “Bakı” da heyətini gücləndirməyə ehtiyac duyur. Bunun üçün də təlim-məşq toplanışları ərzində yeni futbolçuların da baxışdan keçirilməsi gözlənilir. Fevral ayının 5-də komandamız Bakıya dönəcək və növbəti turun oyununa hazırlaşacaq”. (PFL)
