29 dekabr 2011 17:47
Rafiq Mirzəyev AZAL-ın hədəflərini açıqladı
AZAL-ın rəsmi olaraq baş məşqçisi təyin olunan Rafiq Mirzəyev bu təyinatına münasibətini açıqlayıb, komandasının qış fasiləsinə qədərki çıxışını dəyərləndirib, eləcə də Aqil Nəbiyevin komandadan getmək istəməsinə münasibətini açıqlayıb.
“Biz klub prezidenti Zaur Axundovla görüş keçirdik. Orda AZAL-ın rəhbərliyi də iştirak edirdi. Məhz bu görüşdə mən komandanın baş məşqçisi vəzifəsinə təyin olundum. Digər mümkün namizədlər haqda heç nə deyə bilmərəm. Çünki mənim bundan qətiyyən xəbərim yoxdu”.
Komandasının cari mövsümkü çıxışı ilə bağlı Mirzəyev bunları dilə gətirib: “Çempionatın qalan hissəsinə hələ xeyli vaxt var. Bu müddət ərzində biz keçmiş oyunlarımızı, səhvlərimizi bir daha analiz edib, nəticələr çıxaracağıq, qarşıdakı toplanışlarda bunun üzərində çalışacağıq. Bir sözlə hələ vaxtımız və şansımız var”.
“Təyyarəçilər”in çalışdırıcısı komandasının ilk altılığa düşmək şansları barədə isə bunları bildirib: “Qarşıda hələ daha dörd tur var. Həmin dörd tur ərzində çox şey baş verə bilər. Mən bunu həmişə demişəm ki, ikinci dövrənin son turuna kimi nəyin necə olacağına dair heç bir qəti fikir söyləmək olmaz. Təbii ki, bütün rəqiblərimizə eyni gözlə baxmalıyıq. Bu, futboldu – hər şey baş verə bilər”.
AZAL-ın baş məşqçisi yeni transferlərdən də danışıb: “Yanvarın 4-dən sonra nəyin necə olacağına baxacağıq. Bütövlükdə, heç bir mövqeni gücləndirmək lazım deyil. Bizdə komandanın özəyi artıq var. Oyunçularımızın əksəriyyəti uzun müddətdi bir yerdə çıxış edirlər. Hazırda heyətimizdə zədəli də yoxdu. Qarşıdakı vacib oyunlara hazırlaşmalı olacağıq”.
Mirzəyev mövsümün qalan hissəsinə paytaxtda hazırlaşacaqlarını deyir: “Hazırlığımız yanvarın 10-dan başlayacaq. Dünən ona da qərar verdik ki, hazırlığımızı elə Bakıda keçirək. Yoldaşlıq oyunu da keçirməyi planlaşdırırıq. Böyük ehtimalla Gürcüstan klubu ilə görüşəcəyik. Həmin oyunun dəqiq vaxtı yanvarda müəyyənləşəcək. Həmçinin Bakıda qalacaq klublarımızla görüşməyimiz də mümkündü”.
AZAL-ın baş məşqçisi komandanın kapitanı Aqil Nəbiyevin iş yerini dəyişmək istəməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Mənim bundan xəbərim yoxdu. Əgər Aqil belə bir söz deyibsə, özü də cavab verər. Mən kənar işlərə qarışmıram”.
