29 dekabr 2011 11:42
İnter 2011-ci ili necə başa vurdu?
“İnter”in 2011-ci ildə keçirdiyi oyunların statistik hesabatı hazırlanıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu ilə 2011-2012-ci il mövsümü çərçivəsində fevralın 13-də “Simurq” komandasına qarşı keçirdiyi oyunla başlamışdı və təqvim ilini də həmin komanda ilə baş tutmuş matçla başa vurdu. O da maraqlıdı ki, “İnter” hər iki oyun da eyni hesablı qələbə qazanıb - 2:0.
Ümumiyyətlə, başa çatmaqda olan ildə “İnter” 37 rəsmi görüş keçirib, bunların 31-i Premyer Liqa, 6-ı kubok yarışı çərçibəsində baş tutub. Bu görüşlərdə komanda 16 dəfə qələbə əldə edib - 13 qələbə çempionat, 3 qələbə isə kubok turniri çərçivəsində qazanılıb. “İnter” 14 dəfə meydanı sülhlə tərk edib - 12 matç çempionat, 2 qarşılaşma isə kubok yarışı çərçivəsində qeydə alınıb. “Bankirlər” 7 dəfə məşlub olub və 7 qarşılaşmanın 6-ı çempionatın, cəmi 1 məğlubiyyət isə kubok turnirinin payına düşüb. Xatırladaq ki, Azərbaycan Kubokunun finalında “İnter” “Xəzər-Lənkəran” komandasına oyunsonrası penaltilərdə məğlub olmuşdu.
37 qarşılaşmada komanda 35 qol vurub - (“Turan”la oyundan sonra verilmiş texniki məğlubiyyət nəticəsindəki 3 qol hesaba alınıb) - 29 qol çempionat, 6 qol isə kubok qarşılaşmalarında qeydə alınıb. Kaxaber Tsxadadzenin yetirmələri 24 oyunda qol buraxıblar (3 qol “Bakı” ilə oyundan sonra verilmiş texniki məğlubiyyət nəticəsində hesaba alınıb) - 23 qol çempionat, 1 qol isə kubok yarışı çərçivəsində buraxılıb.
Qeyd edək ki, "İnter" 2011-ci ildə ən çox “Xəzər Lənkəran” və AZAL komandalarıyla qarşılaşıb. Belə ki, “İnter” “Xəzər Lənkəran”la qarşılaşmalarda bu komandanı 2 dəfə məğlub edib, 2 dəfə heç-heçə oynayıb və 2 matçda cənublular güclü olublar. Bu qarşılaşmada bərabərlik özünün əksini komandaların bir-birilərinin qapılarından keçirdikləri top sayında da tapır - 5:5. Eyni sözləri, amma kiçik fərqlə AZAL ilə baş tutmuş oyunlar barədə də demək olar – hərəyə 1 qələbə və 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Qolların sayı da eynidi - 5:5.
Əlavə edək ki, “İnter”in 2011-ci ildə keçirdiyi 37 qarşılaşmada komandanın heyətində 17 futbolçu rəqib qapısına yol tapa bilib. Legionerlərin aktivində 18, yerli futbolçuların hesabında isə 14 qol var.
Qeyd edək ki, “İnter”in 2011-ci ildə ən məhsuldar oyunçular 4 qolla Baçana Tsxadadze, 3 qolla İlia Kandelaki və Samir Zərgərov olublar. “İnter”in heyətində 2 dəfə Danildo Assioli, Vladimir Levin, Girt Karlson, Elnur Abdulov, Nizami Hacıyev və artıq başqa klublarda çıxış edən Robertas Poşkus, Rövşən Əmiraslanov və David Odikadze fərqləniblər. (klubun rəsmi saytı)
