30 dekabr 2011 14:25
“Mən də elə azarkeşi vurub, yerə gömərdim”
“Qəbələ”nin qapıçısı Pavel Doroşev bu yaxınlarda Hollandiya çempionatının “Ajax” – “AZ Alkmaar” oyununda qonaq komandanın qapıçısı ilə meydan sahiblərinin arasında yaranan böyük qalmaqalla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində latviyalı qolkiper bunları dilə gətirib:
“Mən həmin roliki görəndə əvvəl elə bildim ki, nəsə köhnədi və “prikol” üçün yayıblar. Öncə heç diqqət də yetirmədim. Düzü, həyatda sakit insanam. Mən tribunada azarkeşlərin olmasını həmişə xoşlayıram. Bunlar hətta “Neftçi” və “Xəzər Lənkəran”ın fanatları olsa da, belə, azarkeşlərin gözü qarşısında oynamaq daha xoşdu. Bütün azarkeşlərə hörmət edirəm. Axı biz futbolu məhz tamaşaçılar üçün oynayırıq. Etiraf edim ki, Lənkərana hər səfərimizi intizarla gözləyirəm. Dolu stadionda, bu cür atmosferdə oynadığım üçün sevincimdən özümü göyün yeddinci qatında hiss edirəm. XL fanatları da artıq məni tanıyırlar. Əgər hansı azarkeş mənə doğru qaçsa, zərbə vurmağa çalışsa, mən də “Alkmaar”ın qapıçısı kimi davranardım. Onu yerə gömərdim, baxmazdım qazon süni və ya təbiidi. Belə də yaza bilərsiz! Qoy sonra hakimlər nəyi istəsə, ayırd etsinlər. Düzdü, həmin qapıçıya ədalətsiz yerə qırmızı vərəqə verilsə də, Hollandiya Futbol Federasiyası gec də olsa, səhvini başa düşdü. Axı bir adamı, xüsusilə də meydanda futbol oynayan birini arxadan vurmaq düz deyil”.
