31 dekabr 2011 00:15
Milli üçün uğursuz 2011
2011-ci futbol ilini artıq başa vurmaq üzrəyik. Sonda futbol üzrə Azərbaycan yığmasının bu il keçdiyi yola qısaca nəzər salmaq pis olmazdı.
Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız bu il 10 oyun keçirdi. Bunlardan yeddisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutdu. Qalan üçü isə yoldaşlıq oyunu idi. Rəsmi oyunların yalnız birində qələbə qazanıb, birində də heç-heçə edən millimiz beş görüşdə də meydanı məğlub tərk etdi. Yoldaşlıq oyunlarına gəlincə, bunlardan da ikisi məğlubiyyətimiz, biri isə qələbəmizlə yekunlaşmışdı. Yəni bütövlükdə, Azərbaycan millisi ili 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyətlə bitirir.
Bu oyunlarda 9 qol vuran Berti Foqtsun yetirmələri rəqiblərini 20 dəfə sevindirmək məcburiyyətində qaldı. Yeri gəlmişkən, milli üzvləri bu il daha üç oyun keçirdi. Lakin həmin oyunlar klub komandalarına qarşı olub. Komandamız ilin əvvəlində Ukraynanın “Metallurg” (Xarkov) klubu ilə üz-üzə gəlmişdi və uduzmuşdu – 0:1. Elə Almaniyanın “Union Berlin” klubu ilə qarşılaşmada da millimiz meydandan eyni hesablı yenilgi ilə ayrılmışdı. Ən nəhayət, bir müddət öncə Foqts gənclərin üstünlük təşkil etdiyi heyətlə “Sumqayıt Şəhər”ə qarşı oyun keçirdi. Amma maraqlıdı ki, bu oyunda da məhz millimiz uduzdu – 1:2.
Yığma səviyyəsində oyunlara gəlincə, millimiz bu ilə Dubayda keçirdiyi Macarıstanla yoldaşlıq matçıyla start vermişdi. Həmin görüş 0:2 hesabıyla macarların xeyrinə bitmişdi. Ardından isə martda seçmə mərhələ çərçivəsində Belçika qarşısında darmadağına üzüldük – 1:4. Bundan da şok yenilgi isə Astanada 6 xal alacağımızı düşündüyümüz qazaxlara yenilgi oldu – 1:2. İl ərzində Bakıdakı ilk oyunumuzda da məğlubiyyətlə üzləşdik. Lakin Almaniyadan alınan 1:3 hesablı yenilgi zamanı komandamızın sərgilədiyi oyun qismən də olsa, digərlərindən fərqlənmişdi.
Amma avqustda Bakıda Makedoniyaya qarşı keçirdiyimiz yoldaşlıq oyunu zamanı millimiz nə yaxşı oyun sərgiləyə, nə də nəticə qazana bildi. Əksinə doğma divarlar arasında o vaxt problemlərlə üz-üzə olan makedonlara da məğlub olduq – 0:1. Bundan sonra isə millimizi dörd ardıcıl seçmə mərhələ oyunu gözləyirdi. Sentyabr ayında öncə Belçika millisi ilə ev oyununda 1 xal qazanmaq mümkün oldu – 1:1. Ardından isə Qazaxıstan yığmasından qisasımızı aldıq – 3:2. Düzdü, Türkiyə yığmasına səfərdə 0:1 hesablı yenilgi nə dərəcədə qanunauyğun sayıldısa, Bakıda Avstriyaya 1:4 hesabıyla uduzmağımız çox ciddi narazılıqlara səbəb oldu.
Məhz həmin oyundan sonra hətta millidə ciddi bir qalmaqal da yarandı. Belə ki, Vaqif Cavadov baş məşqçi ilə aralarındakı narazılıqlara görə yığmadana kənarlaşdırıldı. Üstəlik, AFFA onu bir illiyə əsas komandamızdan uzaqlaşdırdı. Yığma səviyyəsindəki son oyunumuz isə ürəkaçan nəticə və çıxışla yadda qaldı. Futbolçularımız səfərdə Albaniya yığması üzərində həm qələbə qazanmağı, həm də normal oyun sərgiləməyi bacardılar.
Bütövlükdə isə, yığmamız 2011-ci ili FİFA-nın reytinq siyahısında 112-ci pillədə bitirdi. Komandamızın hesabında 300 reytinq xalı var. Halbuki, Foqtsun yetirmələri 2010-cu ili 98-ci pillədə qapamışdı. Yəni komandamız son 12 ayda 14 pilləlik geriləməyə məcbur oldu. Millinin bu il ən yaxşı göstəricisinə sentyabr ayında imza atdığını da vurğulayaq - 97-ci pillə. Bu üzdən də 2011-ci ili əsas komanda üçün heç də uğurlu saymaq olmaz.
Buna baxmayaraq, AFFA rəhbərliyi ilin sonunda müqaviləsi başa çatan almaniyalı baş məşqçi ilə yeni anlaşmaya imza atmaq qərarı aldı. Yəni Foqtsun 2014-cü ilədək millimizi çalışdıracağı dəqiqləşib. Onun rəhbərliyi altında komandamızın növbəti futbol ilində nə kimi uğurlar qazanacağı hələlik sual altındadı. Bizə isə əjdaha ilinin Azərbaycan yığması üçün düşərli olmasını arzulamaq qalır.
