4 yanvar 2012 12:44
Sadıq Sadıqov Arazın Yunanıstan Superliqasındakı debütündən danışdı
İngiltərənin "Everton" klubu ilə müqaviləsi olan "Neftçi"nin yetirməsi Araz Abdullayev Yunanıstan Superliqasında debüt edib. Azerisport.az xəbər verir ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
"Çox sevindirici haldır ki, Araz Abdullayev Yunanıstan Superliqası kimi güclü çempionatda debüt etdi. AFFA-nın prezidenti Rövnəq Abdullayev millimiz və yaş qrupları üzrə yğmalarda çıxış edən futbolçularımız üçün hər cür şərait yaradır. Biz klublar da yerli gənc futbolçularımızın yetişməsi və onların əsas heyətdə oynaması üçün hər bir imkan yaratmalıyıq. Üstəlik, yerli gənc futbolçularımızın Avropa klublarına keçməsi yaxın zamanda Azərbaycan millisinə önəmli xeyir verəcək. Amit Quluzadənin "Kayseri Ərciyəsspor"un heyətindəki çıxışı, Araz Abdullayevin Yunanıstan Superliqası kimi güclü bir çempionatda oynaması bir daha göstərir ki, gənc futbolçularımızın istedadı yetərincədir, sadəcə, onlara bu imkanı yaratmaq lazımdır. Mən bundan sonra da gənclərimizin Avropa klublarına keçidi üçün bütün imkanlardan istifadə edəcəyəm".
