5 yanvar 2012 01:23
Vəli Qasımovdan 7 cavabsız qola qəribə şərh
"Finlandiya yığması güclü rəqibdi. Lakin qırmızı vərəqə olmasaydı, biz nümayiş etdirdiyimizdən daha yaxşı oyun göstərə bilərdik. Hesab edirəm ki, hakimin bizim futbolçumuzu meydandan kənarlaşdırması üçün ciddi bir əsası yox idi. Sonra isə…"
Azerisport.az xəbər verir ki, bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Vəli Qasımov deyib. Qeyd edək ki, Sant-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirdə Azərbaycan yığması finlandiyalı həmyaşıdlarına 0:7 hesabıyla uduzub.
Məhz bu məğlubiyyətə şərh verərkən Vəli Qasımov daha sonra bunları bildirib: “Azarkeşlər yaxşı oyuna baxmaq istəyirdilər. Amma onlar bir komandanın ifasında şou izlədilər. Əlbəttə, 0:7 üzücü nəticədi. Amma məşqçilərimdən biri demişkən, “1 dəfə 0:7 hesabı ilə uduzmaq, 7 dəfə 0:1 hesabı ilə uduzmaqdan yaxşıdı".
Qasımov bütövlükdə Azərbaycan futbolundakı oyunçu kasadlığından da gileylənib: “Bizim ölkə o qədər də böyük deyil ki, bol gənc futbolçu seçiminə malik olaq. Hazırda nə bacarırıqsa, onu da göstərməyə çalışırıq”.
