6 yanvar 2012 17:05
“1-2 ildən sonra Neftçidə yerli futbolçuların sayı daha çox olacaq”
"Neftçi"nin əvəzecici heyətinin məşqçisi Səttar Əliyev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- "Neftçi"nin əvəzedici komandası qış fasiləsinə ilk pillədə yollandı. Hazırkı vəziyyətdə komandanın çıxışını necə qiymətləndirərdiniz?
- İstədiyimiz oyunu nümayiş etdirib, rəqiblərimizi geridə qoymağı bacardıq. Hazırda ən yaxın izləyicimizdən 8 xal irəlidəyik. Düzdür, bu xal fərqi böyükdür, amma biz də arxayınlaşmırıq. Çünki mövsümün sonuna hələ çox var və mübarizə hələ qarşıdadır. Qazanılan qələbələrin təməlində isə klub rəhbərliyinin diqqət və qayğısı dayanır. Elə olur ki, məşqlərimizi və oyunlarımızı klub prezidenti özü izləyir. Sevinirik ki, Sadıq Sadıqovun bu qayğısı müqabilində biz də nəticə əldə edirik. Bunun üçün bizə hər bir şərait yaradılıb.
- Rəqib komandalardan böyük xal fərqi ilə irəlidə olmaq futbolçularda arxayınlıq yaratmır?
- Komandamızda elə bir əhval ruhiyyə var ki, futbolçular hər oyuna qələbə əzmi ilə çıxır. Futbolda lider mövqeyini əldə saxlamaq üçün gərək sona kimi mübarizə aparasan. Üstəlik, futbolçular arasında sağlam rəqabət var. Hər kəs heyətdə yer almaq üçün əlindən gələni edir. Baş məşqçi Elşad Əhmədov heyəti müəyyənləşdirərkən ən yaxşılara şans verir.
- Əvəzedici heyətin sıraları yetərincə genişdirmi?
- Futbolçu sarıdan çətinliyimiz yoxdu. Birinci komandaya futbolçu vermək vəzifəmizin öhdəsindən çalışırıq layiqincə gələk. Bir neçə futbolçumuz bu mövsüm əsas heyətdə oyunlara çıxıb. Bu nəslin ardı gəlir. Fikrimcə, gənc nəslin inkişafı sayəsində 1-2 ildən sonra "Neftçi"də yerli futbolçuların sayı daha da çox olacaq.
- Əsas heyətə keçənlərin yerinə aşağı yaş qruplarından futbolçular cəlb olunurmu?
- Təbii ki, bu zəncirvari bir prosesdir. Əvəzedici heyət əsas komandaya körpü rolunu oynayır. Aşağı yaş qruplarında forma geyinən futbolçular hər zaman diqqətimizdədir. Qarşıdakı təlim məşq toplanışına da aşağı yaş qruplarından 10 futbolçu dəvət etmişik. Yanvarın 4-dən "Dalğa Arena"da bərpa məşqləri keçirik. Özünü yaxşı tərəfdən göstərənlər əvəzedici komandaya cəlb olunacaq.
