6 yanvar 2012 11:12
Rauf Əliyev Türkiyə klubunda
Futbol üzrə Azərbaycan millisinin, eləcə də “Qarabağ”ın hücumçusu Rauf Əliyev karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, bundan sonra Türkiyənin Bank Asya birinci liqasında çıxış edən “Göztepe” ilə anlaşıb.
Tərəflərin yaxın günlərdə rəsmi müqaviləyə imza atması gözlənilir. Qeyd edək ki, Türkiyə təmsilçisi hələ ötən mövsümdən “Qarabağ”ın futbolçusu ilə maraqlanırdı. Onlar Raufla yanaşı Maksim Medvedev və Əfran İsmayılovu da izləmək üçün Bakıya təşrif buyurmuşdular. Amma Ağdam klubunun rəhbərliyi avrokuboklarda uğurlu çıxış etmək üçün heyətini dağıtmamağa üstünlük vermişdi və oyunçularını buraxmamışdı.
Lakin indi “Qarabağ” millimizin ən aparıcı hücumçusuna çevrilən Əliyevi buraxmağa razı olub. Beləliklə, 2008-ci ildən “Qarabağ”da oynayan, 84 oyunda 18 dəfə rəqib qapısına yol tapan 22 yaşlı futbolçu bundan sonra Türkiyə çempionatında qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Göztepe" Rauf Əliyevlə bərabər “Ankaragücü” komandasından Theo Veeksin, qapıçı Özlenin, “Kayseri” komandasından Öndər Turacının, “Gənclərbirliyi” komandasından Serkanın, “Karabuk” komandasından Merterin də transfer məsələsini həll edib.
Bu transferlər içərisində Öndər Turacı da diqqət çəkir. 31 yaşlı müdafiəçi Öndər Turacı 6 dəfə Türkiyə milli komandasının formasını geyinib. “Beşiktaş” komandasının yetirməsi olan Öndər Turacı Türkiyənin aparıcı futbolçularından olub.
Rauf Əliyevin 2011-ci ilin yekunlarına görə Azərbaycanın ən yaxşı futbolçusu seçildiyini də qeyd edək. Əliyevlə yanaşı Türkiyə Bank Asya birinci liqasında daha bir futbolçumuz çıxış edir. Bu, “Erciyesspor”un şərəfini qoruyan Amit Quluzadədi.
“Göztepe”nin hazırda 18 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşdığını da qeyd edək.
