6 yanvar 2012 13:03
Elnur Abdulov: İnterdən qızıl dubl gözləyirəm
“İnter”in gənc futbolçusu Elnur Abdulov müsahibəsində başa vurduğumuz ildən söz açıb və 2012-ci ildən nələr gözlədiyindən bəhs edib. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Elnur, yeni ili necə qarşıladın?
- Yeni İli ailəmlə birlikdə qarşıladım. Mən bayramları məhz belə keçirməyi xoşlayıram.
- Bu il kiməsə yeni il hədiyyələri təqdim etdinmi?
- Bəli, ailə üzvlərimə və yaxın dostlarıma hədiyyələr verdim. Onlar da mənə hədiyyə etdilər.
- Uşaq ikən yeni il bayramında sənə verilən hansı hədiyyə daha çox yadında qalıb?
- Xatırlayıram, yeni ildə evimizə Şaxta Baba gəlmişdi. O zaman çox balaca idim və bu, mənim üçün əsl yeni il sürprizi olmuşdu.
- Ötən il sənin üçün necə alındı?
- Hesab edirəm ki, 2011-ci il mənim üçün kifayət qədər uğurlu alındı. Əvəzedici heyətdə bir neçə il keçirdikdən sonra “İnter”in əsas heyətinə düşməyi bacardım və düşünürəm ki, bu, mənim üçün ötən ildə ən yadda qalan hadisə oldu.
- 2011-ci ili “İnter” üçün uğurlu hesab etmək olarmı?
- Əlbəttə, ilin əvvəlində Birlik Kubokunda əldə etdiyimiz uğuru bayram etdik, ilin ikinci yarısında yaxşı futbol sərgilədik və nəticədə “İnter” ard-arda 15 oyundur məğlub olmur. Bu rəqəmlər çox məramdan xəbər verir.
- 2012-ci ildən nə gözləyirsən?
- Qələbələr gözləyirəm. “İnter”in çempion olmasını və kubokda uğur qazanmasını çox istəyirəm. Bu il məqsədlərimizə çatacağımıza ümid edirəm.
