7 yanvar 2012 19:18
Neftçi Polşa, Rusiya, Çin və Rumıniya klubları ilə qarşılaşa bilər
Türkiyənin Antalya şəhərində Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Yarışa "Neftçi" PFK da dəvət alıb.
Turnirdə paytaxt komandasıyla yanaşı, Rusiyanın "Terek Qroznı", Ukraynanın "Metallist Xarkov", "Obolon Kiyev", Polşanın "Poloniya Varşava", Rumıniyanın "Rapid Buxarest", Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" klubları da iştirak edəcək.
Oyunlar hərəsində 4 komanda olmaqla 2 yarımqrupda keçiriləcək. Qrupların tərkibi yanvarın 27-də keçiriləcək püşkatma nəticəsində müəyyələcək. Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək. Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mardan" stadionunda baş tutacaq.
Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın hazırki prezidenti Ramzan Kadırov da izləyəcək. Fəxri qonaqlar arasında yaxın keçmişin dünyaca məşhur hakimləri italiyalı Pyer Luici Kollina və Roberto Rosetti də yer alacaq. Yanvarın 28-də start götürəcək turnirin final matçı fevral ayının 3-də baş tutacaq.
