8 yanvar 2012 02:05
“Bakıda milliyə layiqli futbolçular çoxdu”
"Bakı"nın iki futbolçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb. Azerisport.az xəbər verir ki, bunlar Rəhman Hacıyev və Şəhriyar Əliyevdi.
Adı çəkilən futbolçular 20-29 yanvar 2012-ci il tarixlərində Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçuların seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edəcəklər. Komandanın müdafiəçisi Şəhriyar Əliyev Rəhman Hacıyevdən fərqli olaraq ilk dəfədir ki, milli komandaya dəvət alıb. Milli komandaya dəvət alan futbolçular toplanışla bağlı fikirlərini bölüşüblər:
Şəhriyar Əliyev: "Milli komandaya ilk dəfədir ki, dəvət alıram. Orada həm Azərbaycanı, həm də “Bakı” klubunu təmsil edəcəyəm. Gənc futbolçulara şans verilməsi məni çox sevindiricidi. Fərəhlidir ki, mənə də bu şans verildi. Qeyd edim ki, “Bakı”da milliyə layiqli futbolçular çoxdu. İstərdim ki, bir çox futbolçulara şans verib, yoxlasınlar. Mənə gəldikdə isə özümə inanıram və bu toplanışda özümü sübüt etməyə çalışacam".
Rəhman Hacıyev: "Milli komandanın Antalya toplanışı mənim Olimpiya milli komandamıza ilk dəvətim deyil. Bundan əvvəl iki dəfə 21 yaşlılardan ibarət milli komandaya dəvət olunmuşam və 2 oyunda meydana əsas heyətdə çıxmışam. Bu toplanışda da özümü yaxşı tərəfdən göstərəcəyimə əminəm".
