9 yanvar 2012 13:57
Vaqif Sadıqov: Ümid edirəm ki, yenə Rusiya çempionatına qayıdacağam
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Rusiyanın “Anji” klubuyla yollarını ayırmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yeni baş məşqçi Yuri Krasnojan mənimlə söhbət etdi. Söhbət zamanı xahiş etdi ki, onu düzgün başa düşüm. O, mənə Azərbaycanın ən yaxşı məşqçilərindən biri kimi hörmət etdiyini vurğuladı. Amma bildirdi ki, özü ilə köməkçilərini də gətirəcək. Buna görə də məşqçilər korpusunda belə dəyişiklik başadüşüləndi. Krasnojan xidmətlərimə görə də minnətdarlığını bildirdi. Mən də öz növbəmdə “Anji”yə uğurlar arzuladım”.
Sadıqovun sözlərinə görə, Rusiya klubunda çalışması ona məşqçilik karyerasında çox şey qazandırıb: “Mən peşəkar çempionat, peşəkar klub işi gördüm. “Anji” son bir ildə həqiqətən öz səviyyəsini çox qaldırdı. Əgər komandada Roberto Karlos kimi futbolçu çıxış edirsə, deməli inkişaf var. Belə futbolçularla çalışmaq, komandanı hazırlaşdırmaq, səfərlər – hamısı çox önəmli şeylərdi. Mən hər bir azərbaycanlı mütəxəssisə Rusiyada işləməyi arzu edirəm”.
Millimizin sabiq çalışdırıcısı “Anji”dən bu mövsüm nə gözlədiyini də açıqlayıb: “Belə heyətə malik komanda yaxşı yerlərə ümid etməlidi. Fikrimcə, “Anji”nin avrokuboklara düşmək üçün yaxşı şansı var. Mahaçqala klubunun qələbə qazanmalı olduğu çox oyun var. Yeni mövsümdə bu komanda çempionluğa da oynaya bilər”.
Həmyerlimiz gələcək planlarından da danışıb: “Mən “Anji”dən ayrılmağımı hələ yenicə öyrənmişəm. Amma əgər yeni təklif olsa, təbii ki, onlara baxacağam. Rusiyada, “Anji” kimi klubda, Hacı Hacıyevlə çalışmaq mənə çox böyük təcrübə qazandırdı. Hər kəsə belə iş nəsib olmur. Düşünürəm və ümid edirəm ki, nə vaxtsa yenə Rusiya çempionatına qayıdacağam”.
