10 yanvar 2012 17:00
Əfran İsmayılov BATE yolunda
Belarusun BATE klubu futbol üzrə Azərbaycan millisinin, eləcə də “Qarabağ”ın şərəfini qoruyan Əfran İsmayılovla maraqlanır. Azerisport.az xəbər verir ki, Borisov təmsilçisinin nümayəndələri onun oyunlarının videoyazısını izləyiblər.
Qeyd edək ki, belarusluların İsmayılova çoxdan marağı var idi. Lakin futbolçunun ötən il aldığı ciddi zədə bu məsələdə də öz sözünü dedi. İndi Əfran yenidən əvvəlki optimal formasını yığa bilsə, sözügedən klublar arasındakı danışıqların yenidən bərpa olunması istisna deyil.
BATE haqda ətraflı məlumata yəqin ki, böyük ehtiyac yoxdu. Çünki bu komanda son illərdə avrokuboklarda qazandığı uğurlarla özündən kifayət qədər söz etdirib. Əfranın Belarus klubuna keçidi ilk növbədə legioner futbolçularımızın sayını artıra bilər. Digər tərəfdən İsmayılov Çempionlar Liqası kimi nüfuzlu turnirin qrup mərhələsində oyun keçirmək şansı qazana bilər. Düzdü, bu transfer baş tutsa, “Qarabağ” üçün ciddi itki olacaq. Lakin əvəzində qazanan Azərbaycan futbolu olacaq. Axı bu, millimiz üçün də mühüm bir keçid sayıla bilər.
