10 yanvar 2012 17:52
Araz Panioniosun əsas heyət oyunçusuna çevrilə bilər
Yunanıstanın “Panionios” klubunun yarımmüdafiəçisi Dimitris Kolovosun sıradan çıxdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, gənclərdən ibarət yığmamızın üzvü Araz Abdullayevin komanda yoldaşının son durumu məlum olub.
Belə ki, həkimlər dizindən ağır zədə alan futbolçunun mövsümün sonuna qədər yaşıl meydanlardan kənar qalacağını bildiriblər. Maraq üçün qeyd edək ki, o, bu zədəni Superliqanın 16-cı turunun “Erqotelis”lə səfər oyununda (0:1) almışdı. Məhz bu üzdən də sözügedən oyunçu həmin görüşün 43-cü dəqiqəsində Araz Abdullayevlə əvəzlənmişdi.
Qeyd edək ki, bu, millimizin yarımmüdafiəçisinin əsas heyətdə meydana çıxmasına kömək edə bilər. Məsələ burasındadı ki, bu iki futbolçu eyni mövqenin oyunçuları hesab olunurdular. Təbii ki, Kolovosun yoxluğunda “Panionios”un baş məşqçisi məhz həmyerlimizə güvənməli olacaq.
Sonda onu da vurğulayaq ki, Araz artıq sabah ilk dəfə yeni komandasının start heyətində meydana çıxa bilər. Belə ki, onun komandası Yunanıstan kuboku çərçivəsində ölkənin ən aparıcı klublarından olan “Panatinaikos”la qarşılaşacaq. Böyük ehtimalla Araz bu görüşün ilk dəqiqələrindən meydanda olacaq.
