10 yanvar 2012 11:33
Sumqayıt tam heyətlə hazırlaşa bilmir (FOTOREPORTAJ)
“Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci dövrəsi üçün hazırlıq prosesini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında davam etdirir. Azerisport.az xəbər verir ki, istirahətdən qayıdan Andrey Popoviç, Ruslan Qurbanov, Bədavi Hüseynov, Abdulla Abatsiyev və Timur İsrafilov da artıq məşqlərdə iştirak edir.
Əməliyyat olunduqdan sonra bərpa prosesi keçən Ruslan Qurbanov son məşqdə yalnız qaçışla kifayətlənib. Murad Səttarlı isə ayağında ağrılar hiss etdiyi üçün fərdi hazırlaşır. Əvəzedici heyətin yarımmüdafiəçisi Bəxtiyar Həsənalızadə əsas komanda ilə hazırlaşır. Komanda gün ərzində iki dəfə məşq edir.
Nəzərinizə çatdıraq ki, 5 futbolçu – Emil Balayev, Samir Yusifov, Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Camaləddinov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak etdiyi üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
