10 yanvar 2012 12:55
“Bakı Azərbaycanın ən iddialı klubudu”
Futbol üzrə Azərbaycan millisinin və “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov “Toplu Bakı”nın “kumir”inin qonağı olub. Azerisport.az xəbər verir ki, komandasının 10 nömrəsi futbola gəlişindən, peşəkar karyerasından və arzularından danışıb.
- Futbola gəlişini necə xatırlayırsan?
- Kasıb ailədə doğulmuşam. Atam aşpaz, anam isə evdar qadın olub. Tovuzda hər küçədə futbol oynayırlar. Mən də uşaqlıqda hər bir to-vuzlu kimi bu ənənəni poza bilməzdim. Evimiz məktəbin meydançasının yaxınlığında yerləşdiyi üçün, idman dərslərini keçən şagirdlərin səs-küyü mənim üçün sanki həzin layla idi. Uşaqlarla meydançaya gedər,torpağın üstündə sinif şagirdlərinin bir-birləri ilə oyunlarına baxardıq. Toz-torpağın içində, demək olar, hər gün şagirdləri izləyərdim. 6-7 yaşımda isə özüm də futbol oynamaq istədim. Həm də, böyük qardaşım futbola getdiyi üçün mən də ona baxıb futbolçu olmaq istəyirdim. Elə ilk dəfə futbola da məni o gətirib. Məndən 4 yaş böyükdür. O vaxt biz Tovuzda yaşayırdıq. Oranı təmsil edən “Turan”ın aşağı yaş qrupunda futbolla məşğul olmağa başladım. Bəzən məşqləri buraxsam da, tezliklə məni əsas komandaya götürdülər.
- “Turan”da elə ilk oyunundan sonra mətbuat səndən yazırdı. Hamı Tovuzda Azərbaycan futbolunun yeni ulduzuna çevriləcək Elvin Məmmədov haqqında danışırdı. Mətbuat yanılmadı...
- Çox sevinirəm ki, onlar məni ilk oyunumdan bəyəniblər. Ürəyimdə həmişə tanınmış futbolçu olacağıma inam vardı. “Turan”ın əsas heyətinə gəlişim də təsadüfən baş verib. Çünki, mənim futbola getməyimə qarşı olan valideynlərim hər vasitə ilə məni yayındırırdı. Məşqlərə çox vaxt getmirdim. Məşqçilər evimizə gəlib valideynlərimə dil-ağız edirdilər ki, məni futbola buraxsınlar. Bir gün Bakıdan hansısa komandanın bura gəldiyini eşitdim. Onlar “Turan”la yoldaşlıq oyunu keçirirdilər. Özümü komandaya çatdırdım. Çıxıb oynadım. Rəqib komandanın baş məşqçisi İslam Kərimov məni bəyəndi və milli komandaya dəvət etdi. U-17-yə çağrılmağım “Turan”ın əsas komandasında oynamağımda böyük rol oynadı. Tovuzdakı günlərimi heç vaxt unutmayacağam. Asfaltın üstündə futbol oynaya-oynaya böyük futbola gəldim. Buna görə Sakit Alıyevə minnətdaram.
- Bundan sonra bir neçə Bakı klubları sənin uğrunda, sözün əsl mənasında, “ova çıxdı”. “İnter”ə keçidin necə baş tutdu?
- Mənim böyük futbolda bərkiməyim “İnter”lə bağlıdır. “Turan”dan fərqli olaraq burada atmosfer başqa idi. Tanımadığım şəhər, legioner futbolçular, əcnəbi məşqçi və s. Bura uyğunlaşmaq mənim üçün çox çətin idi. Yaxşı insanlar sağ olsun. Nə yaxşı ki, karyeram boyu mənim qabağıma belə adamlar çox çıxıb. “İnter”in o vaxtkı baş məşqçisi Valentin Xadukin kluba gələn kimi mənə onbirlikdə güvəndi. O vaxt orada Mahmud Qurbanov, Emin İmaməliyev, Xəqani Məmmədov, Xəyal Mustafayev kimi təcrübəli adlar vardı. Mənim üçün bu futbolçularla bir yerdə oynamaq şərəf idi. Əsas milli komandaya düşməyim də “İnter”də oynadığım zamana təsadüf edir. Bir sözlə, “İnter”in peşəkar karyeramda mühim rolu oldu. Bu komandanın heyətində ilk dəfə Çempionlar liqasında oynadım. 20 yaşım olmasına baxmayaraq “Partizan”la oyunlarda baş məşqçi mənə güvəndi. Belə atmosver görməmişdim.
- Növbəti dayanacağın “Qarabağ” oldu. Ağdam təmsilçisinin heyətində Avropa Liqasında göstərdiyin oyunla milyonların sevimlisinə çevrildin...
- Bu komandaya keçidimdə Qurban Qurbanov amilinin rolu böyükdür. Onun köməkliyi ilə formamı bərpa edib, əsas heyətdə oynadım. Onun mənə etimad göstərərək risk etdiyini sonradan anladım. Belə nüansları unutmaq olmaz. “Qarabağ”da olduğum zaman istər klubda, istərsə də, millidə bütün işlərim yağ kimi gedirdi. Avropa Liqasındakı möhtəşəm oyunları isə heç vaxt unutma-yacağam. Biz “Rosenburq” kimi güclü komandanı yarışdan kənar-laşdırmağı ba-cardıq. İki dəfə pley-of matçları oynadıq. Bu uğurun davamı gələcək. Yəqin ki, yaxın illərdə “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
- Millidə debütün İslandiya ilə səfərdə keçirdiyimiz yoldaşlıq oyununa təsadüf edir. Həmin anları necə xatırlayırsan?
- Həmin oyunda Berti Foqts bir neçə yeni oyunçuları sınayırdı. Mən də bu siyahıda idim. Çox həyəcanlı idim. Buna baxmayaraq, üzümü toplayıb oyuna köklənə bildim. Bundan sonra Foqts mütəmadi olaraq mənə dəvət göndərməyə başladı. Millinin heyətində 7 qol vurmuşam. Hələ 23 yaşım var. Bundan sonra da qollar vuraraq milli komandanın tarixinə düşmək istəyirəm.
- “Qarabağ”da aldığın qəfil zədə karyeranda böyük bir pauza yaratdı. Bu enişdən sonra “Bakı”ya üz tutdun. Lakin burada da ilk vaxtlar əsas heyətə düşməklə bağlı çətinliklərin vardı. İndi vəziyyət necədir?
- “Bakı” Azərbaycanın ən iddialı klubudur. Bu klubun rəhbərliyi klubun uğur qazanması üçün əlindən gələni edir. Müxtəlif yaş qrupları üzrə komandalara elə şərait yaradılıb ki, Premyer Liqa klublarının çoxu buna qibtə edə bilər. Türkiyəli məşqçilər, brend idman geyimləri, qidalanma, rayonlardan gələn futbolçulara otel və s. olması futbolçular üçün çox vacibdir.
